Venesuela prezidenti Nikolas Maduronun qaçırılmasından sonra ölkənin vitse-prezidenti olmuş Delci Rodriges beynəlxalq gündəmin mərkəzinə düşüb.
Sitat.info xəbər verir ki, o, rəsmi prosedurlara uyğun olaraq müvəqqəti prezident kimi and içərək vəzifəsinin icrasına başlayıb.
ABŞ prezidenti Donald Tramp bildirib ki, Delci Rodriges ABŞ dövlət katibi Marko Rubio ilə danışıq aparıb və “Venesuelanı yenidən böyük etmək üçün lazım olan addımları atmağa prinsipial olaraq hazırdır”.
Lakin Rodriges bu açıqlamalarla yanaşı, ABŞ-ın Venesuelaya qarşı hərbi əməliyyatını sərt şəkildə tənqid edib. O vurğulayıb ki, “Venesuelada hakimiyyət ölkə hökumətinin əlindədir və bundan başqa heç bir güc bu ölkəyə rəhbərlik etmir.”
Delci Rodrigesin bioqrafiyası
Delci Rodriges 1969-cu ilin may ayında Karakasda anadan olub. O, 1970-ci illərdə Sosialist Liqa partiyasını quran solçu üsyançı döyüşçü Xorxe Antonio Rodrigesin qızıdır.
İxtisasca hüquqşünas olan Delci Rodriges son on il ərzində Venesuela siyasətində sürətli yüksəliş yolu keçib. O, müxtəlif yüksək dövlət vəzifələrində çalışıb və Nikolas Maduronun hakimiyyəti dövründə ölkənin əsas siyasi fiqurlarından birinə çevrilib.
Hazırda Delci Rodrigesin müvəqqəti prezident kimi fəaliyyəti Venesueladakı siyasi proseslərin gələcək istiqaməti və beynəlxalq reaksiyalar baxımından yaxından izlənilir.
Tehran,
Sitat.info