"Azərbaycanda ən yaxşı işləyən smart tipli sayğaclardır. Bizim ofisdə smart tipli sayğacdır, hazırda evimizdə mexaniki sayğacdır. Əvvəl smart tipli idi. Evdə olmayanda gəlib mexaniki sayğacla əvəzləyiblər. İndi bir aya 250 manat borc yazır. Ofisdə isə smart tipli sayğacdır, 1 ilə cəmi 50-60 manat borc yazır".
Bu sözləri "Sitat.info"ya açıqlamasında Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı deyib.
O bildirib ki, "Azəriqaz" SOCAR-ın tərkibindən çıxarılmalıdır:
"Smart tipli sayğaclara müdaxilə etmək mümkün deyil. Təzə ildən smart tipli sayğacları dəyişmək üçün bir əməliyyat apardılar. İlin axırında əhali bundan ziyan çəkdi. Bu, abonentlərin hüquqlarının tapdanması idi. Həmin gün "Azəriqaz"ın rəhbərliyi istefa verməli idi. Ayının min oyunu bir armudun başındadır. Bilirsiniz ki, sıfırlama əməliyyatı gedir. Bütün qaz sayğaclarının müddəti var. Sübut etməyə çalışacaqlar ki, smart tipli sayğaclar həqiqətən pis sayğaclar idi. Bu yolla öz istəklərini reallaşdıracaqlar. Bu sayğaclarda abonenti aldada bilmirlər, ona görə belə oyun çıxarırlar. Bu sayğaclar çox dəqiq işəyən sayğacdır. Təəssüf ki, bir müddət keçəndən sonra sayğacları dəyişməyə başlayacaqlar".
M.Qəhrəmanlı vurğulayıb ki, "Azəriqaz" sistemində baş verən korrupsiya halları, işçi hüquqlarının kütləvi şəkildə pozulması, əhalinin hüquqlarının pozulması hallarına görə qurumun rəhbəri Azər Məmmədov vəzifəsindən çıxarılmalıdır: "Onsuz da idarəetmə qabiliyyəti yoxdur. Sərt tədbirlər görülməlidir. Müstəqil audit qurumları tərəfindən yoxlamalar aparılmalıdır. "Azəriqaz" ARDNŞ-in tərkibindən çıxarılmalıdır və satışla məşğul olan bir neçə şirkət olmalıdır".
Məğrur,
Sitat.info