Sumqayıtda küçə ticarətinə qarşı mübarizə tədbirləri zamanı baş verən hadisə ictimaiyyət arasında ciddi qınağa və narazılığa səbəb olub. Bu prosesə rəhbərlik edən məmurun sahibkarın alma yeşiyini müsadirə etməsi, hətta onun özünə daşıtdıraraq yük maşınına yüklətdirməsi birmənalı qarşılanmayıb. Meyvə yeşiklərini dükanın qapısı ağzına yığan və məmurları görən kimi içəri daşımağa çalışan sahibkara "Hara aparırsan onu, vətəndaşın piyada səkisində satırsansa, bu sənin deyil, ora da aparma səndən xahiş edirəm, bu yana keç, belə çevir, bax bura qoy" deyərək özləri ilə gətirdikləri yük avtomobilini göstərən məmur yeşiyi də özünü daşımasını əmr edib.
Vətəndaş isə əmrə tabe olaraq alma dolu yeşiyi aparıb göstərilən yük avtomobilinin yanında yerə qoyub, sonra isə həmin məmur başqa bir şəxslə birlikdə yeşiyi maşının yük yerinə qoyub. Bu video sosial şəbəkə izləyiciləri arasında müzakirələ səbəb olub.
İki gündür sosial şəbəkələrdə müzakirə olunan videoya hüquqşünas Əkrəm Həsənov da Sitat.info-ya açıqlamasında münasibət bildirib.
O qeyd edib ki, məmurun əməli birbaşa qanunsuzluqdur və Cinayət Məcəlləsinin müvafiq maddələri ilə tövsif oluna bilər: "Bu əməldə ən azı Cinayət Məcəlləsinin 308-ci maddəsində nəzərdə tutulmuş "Vəzifə səlahiyyətlərindən sui-istifadə" əməli var. Yəni, vəzifəli şəxsin xidməti vəzifələrinin icrası zamanı özü və ya üçüncü şəxslər üçün üstünlük əldə etmək məqsədilə vəzifə səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifdə etməməsi...
Burada açıq-aşkar məmur gəlir və şəxsin özəl mülkiyyətində olan əşyanı, əmlakı əlindən alır. Düzdür, deyə bilərlər ki, o almaların dəyəri o qədər də çox deyil. Ancaq fərqi yoxdur, yiol verilən əməl konkret olaraq budur. Bunu hətta qarət kimi də tövsif etmək olar, faktiki olaraq qarətdir. Mən hələ ən yumşaq maddələri deyirəm".
Bəs məmur qanunsuz əməlini niyə özü çəkərək paylaşır?
Ə.Həsənov bunun tamamilə savadsızlıqdan və İH əməkdaşlarının qanunları bilməməsindən irəli gəldiyini deyib: "Bir arqument də səsləndirirlər ki, əgər qanunsuz əməldirsə bunu niyə kamera önündə edir, niyə çəkib paylaşır. Çünki savadsızdır. Mən tez-tez bu fikri təkrarlayıram - Azərbaycan xalqının bəxti onda gətirib ki, məmurları bisavaddır. Görün savadlı olsaydılar, başımıza nə oyun açardılar. Adam savadsızdır, bilmir ki, qanunsuz iş görür. Deyir ki, qanunsuz olaraq malı dükandan çölə qoymusansa, bu artıq sənin deyil, vəssalam. Niyə axı? Oğurluq mal deyil, qanunsuz yolla əldə edilməyib. Dükandan çöldə satış qadağandırsa, o zaman cərimə yaz. Necə sən kiminsə malını qəsb edirsən? Bu alma yox, daha bahalı bir mal ola bilərdi, onda nə deyəcəkdilər.
Daha bir qanunsuzluq odur ki, tikinti şirkətləri gəlib vətəndaşın evini sökürlər və əsas kimi də Bakı Şəhər İcra Hakimiyyətinin verdiyi sərəncamı göstərirlər. O sərəncamlar qanunsuzdur və BŞİH tərəfindən həddindən artıq savadsız formada tərtib olunur. İcra hakimiyyətləri ümumiyyətlə özlərini rayonun ağası hesab edirlər və nə istəyirlərsə onu da edirlər".
Aytac,
Sitat.info