Rəsmi məlumat: “Xarici ticarət dövriyyəsinin 25 milyard 43 milyon ABŞ dolları ixracın, 24 milyard 380 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 5,7 % azalıb, idxal isə 15,8 % artıb. Son nəticədə xarici ticarətdə 663 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 8,3 dəfə azdır".
İxracımız azalır – çünki, ixrac etdiyimiz neftdir (neft məhsulları və qaz da daxil), onun da hasilatı və qiyməti düşür. İdxalımız artır – çünki, ölkədə nəsə istehsal etmək sərfəli deyil, yerli istehsal azalır, təlabat isə artır. Nəticədə Azərbaycanın xaricdən asılılığı yüksəlir".
Sitat.info xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O bildirib ki, ticarət dövriyyəsində müsbət saldo 8 dəfədən çox azalıb, cəmi 663 mln. dollarlıq fərq yaranıb: " Bu il, 2026-cı ildə ticarət dövriyyəsi mənfi saldoya düşəcək. Yaxşı, bəs hökumət bu rəsmi rəqəmlərdən dərs çıxarıb getdiyi səhv yoldan dönmək, aşırı tənzimləmədən əl çəkmək, vergi-gömrük rüsumlarını aşağı salmaq, biznes mühitini yaxşılaşdırmaq, mənasız nəzarətedici qurumları azaltmaq istəyirmi?! Məncə yox! Səbəb kimi daha bir rəsmi məlumatı misal göstərmək olar. AQTA: “Qida təhlükəsizliyinin təmin edilməsinə dair növbəti dövr üçün yeni Dövlət Proqramı hazırlanır. "Bitki sağlamlığı haqqında" qanun layihəsi hazırlanıb və razılaşdırma mərhələsindədir, "Heyvan sağlamlığı haqqında" qanun layihəsi isə hazırlanaraq hüquqi ekspertizadan keçirilib. Eyni zamanda qida təhlükəsizliyi sahəsində mövcud normativ bazaya dəyişikliklər edilib, 10-a yaxın yeni sanitariya norma və qaydalar hazırlanıb".
Mənasız qurum olan, biznesin işinə lazımsız müdaxilələr edən AQTA, öz təsirlərini artırmaq istəyir, Avropa Birliyini iqtisadi tənəzzülə sürükləyən “over-regulation” (şişmiş inzibati nəzarət və aşırı tənzimləmə) yanaşmasından əl çəkmək istəmir".
N.Cəfərli vurğulayıb ki, ölkədə kiçik və effektiv hökumət modelinə keçmək lazımdır: "Bu varolma məsələsidir, amma, görünən odur ki, bu modelə “məmur kastası” ciddi müqavimət göstərir və göstərəcək. Məsuliyyətsiz səlahiyyət toplamağa davam edəcəklər ki, bu aşırı səlahiyyəti də biznesi boğmaq, rüşvət və korrupsiya üçün istəyirlər. Ölkənin bir nömrəli vəzifəsi iqtisadi artım tempini yüksəltmək, iqtisadi aktivliyi artırmaq olmalıdır – bunun üçün tənzimləmə məntiqli, vergilər aşağı, gömrük şəffaf olmalı, kiçik-orta sahibkara qulluq edən, onları baş tacına çevirən sistem yaradılmalıdır.
Hökumət isə tam əks yolla gedir – tənzimləməni, vergiləri, rüsumları, cərimələri artırır, çünki, onların düşüncəsinə görə əsas problem büdcə gəlirlərinin azalmasıdır. Səhv yoldur, səhv düşüncədir və ölkə üçün ciddi mənfi fəsadları olacaq".
Aytac,
Sitat.info