Trampdan İrana sətiraltı təhdidlər: "Ümid edirəm ki, məntiqli olarlar"

12:50 17 Fevral 2026

 ABŞ Prezidenti Donald Tramp Donald Trump Cenevrədə keçiriləcək nüvə danışıqları öncəsi İrana “daha məntiqli davranmaq” çağırışı edib. O bildirib ki, Tehran razılaşma əldə etməkdə maraqlıdır.

Sitat.info xəbər verir ki, Tramp  Floridadan  Vaşinqtona qayıdarkən təyyarədə jurnalistlərə açıqlama verib.

O, Cenevrədə İranla keçiriləcək danışıqları yaxından izlədiyini və prosesdə dolayı şəkildə iştirak edəcəyini bildirib.

ABŞ prezidenti danışıqların böyük əhəmiyyət daşıdığını vurğulayıb:  “Bu görüşlər çox önəmlidir. Nə baş verəcəyini görəcəyik. İran adətən çox sərt danışıqlar aparır. Ümid edirəm ki, daha məntiqli olarlar. Razılaşma etməməyin nəticələrini görmək istəməzlər.  Məncə, razılaşmaq istəyirlər.”

Tramp qeyd edib ki, İranın daha əvvəl razılaşma imkanı olsa da, bundan istifadə etməyib və nəticədə ABŞ B-2 bombardmançı təyyarələrini göndərməyə məcbur qalıb. O vurğulayıb ki, Vaşinqton İranın nüvə silahı potensialına sahib olmasına icazə verməyəcək.

Digər tərəfdən, Tramp bu həftə Vaşinqtonda keçiriləcək “Qəzza Sülh Şurası” çərçivəsində bir çox dünya liderinin bir araya gələcəyini bildirib. Onun sözlərinə görə, proses çərçivəsində böyük maliyyə yatırımları nəzərdə tutulur və bu təşəbbüs yalnız Qəzza ilə məhdudlaşmayacaq.

ABŞ prezidenti əlavə edib ki, bu prosesdə Birləşmiş Millətlər Təşkilatı (BMT)   ilə əməkdaşlıq edirlər: “BMT öz potensialını tam reallaşdıra bilməyib. Lakin bizə müəyyən qədər kömək edə bilər. Dünyanın ən böyük liderləri Sülh Şurasına qatılır. BMT-ni daha fəal təşkilata çevirə biləcəyimizi görəcəyik".

Aytac,

Sitat.info 



Xəbər xətti