Brent neftinin qiyməti 70 dolları ötüb: Bazarda diqqət İran-ABŞ danışıqlarına yönəlib

13:30 26 Fevral 2026

Beynəlxalq bazarlarda "Brent" markalı neftin bir bareli 70,92 dollardan satılır.

Sitat.info xəbər verir ki, dünən  71,53 dollara qədər yüksələn qiymət günü 70,74 dollardan bağlamışdı. Bu gün səhər saatlarına olan məlumata görə qiymət təxminən 0,25 faiz artıb. ABŞ-ın WTI markalı xam nefti isə 65,49 dollardan ticarət olunur.

Qiymətlərdəki qismən artım investorların Cenevrədə keçiriləcək İran-ABŞ danışıqlarına fokuslanması ilə bağlıdır. Bazarda əsas gözlənti mümkün hərbi gərginliyin qarşısının alınıb-alınmayacağıdır. Bununla yanaşı, ABŞ-da xam neft ehtiyatlarının kəskin artması qiymət artımını məhdudlaşdırır.

İranın xarici işlər naziri Abbas Erakçi bildirib ki, danışıqlarda ədalətli və balanslı razılaşmaya nail olmaq mümkündür. O, İranın nüvə texnologiyasından dinc məqsədlərlə istifadə hüququndan imtina etməyəcəyini vurğulayıb. ABŞ dövlət katibi Marko Rubio isə İranın ballistik raketlərlə bağlı müzakirələrdən imtina etdiyini iddia edərək bunu “böyük problem” adlandırıb. Onun sözlərinə görə, İranın qısa mənzilli raketləri regiondakı ABŞ bazaları üçün təhlükə yaradır.

Xatırladaq ki, 2025-ci ilin iyununda İran və ABŞ arasında nüvə danışıqları dayanmışdı. Daha sonra Türkiyə başda olmaqla region ölkələrinin təşəbbüsü və Omanın vasitəçiliyi ilə proses yenidən bərpa olunub. Tərəflər fevral ayında dolayı danışıqlara başlayıb və görüşlərin davam etdirilməsi barədə razılığa gəliblər.

Digər tərəfdən, ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına görə, ölkədə kommersiya xam neft ehtiyatları ötən həftə 16 milyon barel artaraq 435,8 milyon barelə çatıb. Bu artım bazar gözləntilərini xeyli üstələyib və enerji tələbinin zəif olduğunu göstərərək qiymətlərin daha da yüksəlməsinin qarşısını alıb.

Analitiklərə görə, "Brent" neftində 72,42 dollar müqavimət, 65,63 dollar isə dəstək səviyyəsi kimi izlənilir.

Tehran,

Sitat.info

 

 



Xəbər xətti