Vaşinqtondan Pekinin çağırışlarına məhəl qoymur: Hörmüz böhranı enerji bazarını silkələyir

13:04 19 Mart 2026

"Vaşinqton Çin Xarici İşlər Nazirliyinin Hörmüz boğazındakı hərbi gərginliyin qlobal iqtisadiyyata vurduğu zərərlə bağlı bir neçə gün əvvəl yaydığı bəyanata əhəmiyyət vermədi. Həmin bəyanatda bölgədə sabitliyin pozulmasının beynəlxalq enerji və ticarət marşrutlarının birbaşa təhdid edildiyi vurğulanmışdı. Pekin artıq neçənci dəfədir ki, tərəfləri dərhal hərbi fəaliyyətləri dayandırmağa və eskalasiyadan qaçmağa çağırıb. Hörmüz boğazından neft məhdud şəkildə daşınarkən, mayeləşdirilmiş təbii qazın hərəkəti faktiki olaraq dayanıb. Sığorta şirkətləri Hörmüz boğazından neft və qazı daşınmasını həyata keçirən tankerlərlə müqavilə bağlamaq istəmirlər. Sığorta şirkətlərinin bir qismi isə tarifləri kəskin şəkildə artırıblar".

Sitat.info xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. 

O bildirib ki, Hörmüz boğazındakı mürəkkəb vəziyyət və bu bölgədən neftin daşına bilməməsi Vaşinqtonu narahat etmir: "Çünki, ABŞ-ın Hörmüz boğazından daşınan neftə ehtiyacı yoxdur. Buna baxmayaraq, boğazdakı mürəkkəb vəziyyət neftin qiymətlərinin sürətlə artmına səbəb olub ki, bu Vaşinqtonu problemdən çıxış yolları axtarmağa məcbur edir. Vaşinqtonun Avropa ölkələrinə “Hörmüz boğazından keçidin təhlükəsizliyinə dəstək verin” çağırışı nəticə vermədi. Vaşinqton eyni çağırışı Pekinə də etmişdi. Ancaq Çin Hörmüz boğazından tankerlərin keçidinin təhlükəsizliyinin təminatına dəstək verərsə və həmin bölgəyə hərbi gəmilərini göndərərsə, bu Pekinin ABŞ-la İsrailin İrana qarşı apardığı müharibəyə dəstək verməsi mənası daşıyacaq. Pekin buna razılaşa bilməz. Çin Hörmüz boğazı probleminin həlli yolunu müharibənin dərhal dayandırılmasında görür".

Politoloq onu da vurğuladı ki, Vaşinqton Hörmüz boğazındakı mürəkkəb vəziyyət səbəbindən Rusiya neftinin və qazının satışına qoyduğu sanksiyaları müvəqqəti olaraq dondurub: "Bundan birinci istifadə edən ölkə Hindistan olub. Vaşinqton İrana qarşı müharibədən əvvəl Hindistana Rusiyadan neft alışını dayandırması tələbini qoymuşdu. Vaşinqton İrana qarşı müharibə fonunda bu tələbindən imtina edib. Bundan istifadə edən Hindistan Rusiyadan ucuz neft alışını artırıb. Qısa zaman kəsiyində Rusiyadan çıxan neftlə dolu 7 tanker Hindistan limanlarına yaxınlaşıb. Bu tankerlərdəki neftin bir qismi Çin üçün nəzərdə tutulsa da, sonradan marşrut dəyişdirilib. Vaşinqtonun icazəsi alındıqdan sonra Hindistanın neftayırma zavodları Rusiyadan 30 milyon barel neft alıblar. Hİndistan Rusiyadan daha çox neft almaqla ehtiyatını artırmağa çalışır. Çünki, İrana qarşı müharibə dayandırılsa, Vaşinqton yenidən Rusiya neftinin alışına qadağa qoyacaq".

Tehran,

Sitat.info 



Xəbər xətti