Bura Yaponiya deyil, Lənkərandır! Bu təhsil mərkəzləri gənclər üçün inanılmaz fürsətlər təqdim edir... VİDEO, FOTOLAR

14:55 7 Aprel 2026

Aprelin 3-də Təhsil nazirliyinin təşkil etdiyi Lənkəran və Cəlilabadda yerləşən Dövlət Peşə Təhsil Mərkəzlərinə infoturda Sitat.info olaraq bizdə iştiak etdik. 60-a yaxın jurnalistin qatıldığı tur çox maraqlı keçdivə əhəmiyyətli məlumatlarla, yeniliklərlə zəngin oldu.
Öncə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinə çatdıq. Tura elm və təhsil nazirinin müavini Kənan Kərimzadə  rəhbərlik edirdi. O, işini sadəcə rəsmi çıxışla bitirmədi, qollarını çırmayıb qabağa düşü, bizə sona qədər bələdçilik elədi.  Bizi peşə təhsili sahəsində həyata keçirilən islahatlarla, tələbələr üçün yaradılmış şəraitlə yaxından tanış elədi.
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində çox geniş, rahat, müasir standartlara uyğun bir şərait yaradılıb. İnsan özünü Lənkəranda deyil, Yaponiyanın hansısa yüksək səviyyəli institutunda hiss edir. 

Peşə təhsili ilə bağlı dərslərin Mərkəzin həyətində, açıq havada keçirilməsi tur iştirakçılarının bəyəndiyi məqamlardan biri oldu.  İdman və hərbi hazırlıq dərslərini, eləcə də dərzi, bərbər, geyim üzrə dizayner, aşpaz və qənnadçı ixtisasları üzrə tələbələrin praktiki məşğələlərini izlədik.
Şagirdlər burada həm peşə öyrənirlər, həm də yetişdirdikləri məhsullarla qidalanırlar. Həyətdə limon ağacları, çiyələk və pomidor yetişdirirlər, fermada mal-qara saxlayır, südündən müxtəlif məhsullar hazırlayırlar.
İstixanada yetişdirdikləri pomidorun dadı hələ də damağımda getməyib. Şirin və azotsuz, dərmansız... Türkiyədən gətirilən bu pomidor növü xüsusi qaydada yetişdirilir. Mövsümdən əvvəl yetişən bal kimi çiyələk də aprel ayında daddlığım ilk çiyələk oldu. Hələ süd məhsullarının dadını demirəm. Şor. qaymaq, nehrə yağı bir başqa idi, marketdən aldıqlarımıza heç bənzəmirdi. Xüsusilə qaymağın dadını çox bəyəndik. Elə bu qeyd etdiklərim kifayət edir ki, şagirdlərdə peşə təhsilinə maraq yaransın.

Burada gənclər həm peşə öyrənirlər, həm də öz əməklərinin bəhrəsindən faydalanırlar. İstehsal artdıqdan sonra hələ mağazaları açılacaq, satış da edəcəklər. 

@sitat.info Bura Yaponiya deyil, Azərbaycandır Belə tədris görməmişdiniz…#fyp #kesfetteyiz #xeberler #sondeqiqe #peşemektebi ♬ orijinal səs - Sitat.info xəbər portalı

2025/2026-cı tədris ilində mərkəzdə 42 ixtisas üzrə 55 qrupda 962 tələbə təhsil alır. Müəssisədə turizm, kənd təsərrüfatı, sənaye, xidmət, İT texnologiyaları və alternativ enerji istiqamətləri üzrə kadr hazırlığı həyata keçirilir. Tədris kompleksində tədris ortaqları, idman zalı, yataqxana, kulinariya təlim korpusları, təlim-qonaq evi, əkinçilik və emalatxana laboratoriyaları, istixana, həmçinin avtotəmir və dəzgahların kompüterləşdirilmiş idarəetmə sistemi emalatxanaları yaradılıb. Ərazidə 53 nəfərlik yataqxana binası inşa edilib və yenidənqurmadan sonra korpusların sayı 7-yə çatdırılıb. 

Lənkərandan Cəlilabada gəldik, Cəlliabad Dövlət Peşə Təhsil Mərkəzi də Lənkərandakından geri qalmır. 12 hektar ərazisi olan peşə məktəbi yaşıllıqlar içindədir. Müəssisədə kənd təsərrüfatı məhsullarının istehsal sahələrinə uyğun - fermer, bitkiçilik, heyvandarlıq və baytarlıq üzrə mütəxəssislər hazırlanır. 

Həmçinin qənnadçı, şirniyyatçı, dərzi, kompüter təmiri üzrə texnik, mühasib, dizayner, veb-dizayn və proqram təminatı, çilingər-santexnik, traktorçu-maşinist, elektrik montyoru, bərbər-vizajist-manikürçü, avtomobillərin təmiri, sürücü, mebel ustası istiqamətləri üzrə mütəxəssis hazırlığı aparılır. 

Burada ixtisas seçimində gender ayrı-seçkiliyinə yol verilmir.  Elə buna görədir ki, traxtorçu qızların peşəkar idarəetməsi isə turun ən yadda qalan hissəsi oldu. Bəziləriniz deyəcəksiniz ki, qıza hara, traktorçu hara... Onlar isə bu peşəni sevdiklərini dedilər. Hətta indidən "Azərsun" şirkətindən iş təklifi alanlar da var. 

Təhsil mərkəzində baytarlıq, heyvandarlıq öyrənənlər üçün ferma da var. Burada isə Hollandiyadan gətirilən cins inəklər bəslənir Çox məhsuldardırlar, bir inək gün ərzində 30-40 litr süd verir. Qiyməti isə bir VAZ 2107-nin qiymətinədir, yəni 6 min manat... 

Bir sözlə, görülən işlər olduqca əhəmiyyətlidir. Regionlarda Peşə Təhsil Mərkəzlərinin fəaliyyətə başlaması övladını zorla oxutdurmaq istəyən, repetitorlara onminlərlə manat pul tökən valideynlər üçün də bir nümunə olacaq. Gələcəkdə diplom sahibi olmaq yox, peşə bacarıqlarına yiyələnmək istəyən gənclər belə gözəl mühitdə təhsil alacaq,  lazımlı, dövrün tələblərinə uyğun ixtisaslara sahib olacaqlar. Daha geniş baxsaq, bu gənclərin paytaxta axınının da qarşısını alacaq, əksinə regionlarda təhsil maraq artacaq. Ən önəmlisi isə gənclərin əmək bazarının tələblərinə uyğun ixtisaslara, peşələrə sahib olması işsizliyin də azalmasına gətirib çıxaracaq. 

Məğrur Salmanov,

Sitat.info 

 

 

 











Xəbər xətti