Nizami rayonu, Keşlə qəsəbəsi, Mirzə Ələkbər Sabir küçəsində kollektor qəzası nəticəsində su basan evlərdə vəziyyət acınacaqlıdır.
Sitat.info-nun hadisə yerinə baş çəkən əməkdaşı son durumu işıqlandırıb, sakinləri dinləyib.
Belə ki, artıq ərazidən su çəkilib, küçələrin təmizlənməsi prosesinə başlanıb. Eyni zamanda evlərə dəyən ziyanın qiymətləndirilməsi istiqamətində də iş aparılır. Keşlə qəsəbəsində kollektorun keçdiyi küçədə onlarla ev yaşanmaz vəziyyətdədir. Su basma zamanı evlərin nəinki zirzəmiləri, yaşayış sahələri də 60 sm -1 metr hündürlüyündə su altında qalıb. Nəticədə evlərin divarları, döşəmə sistemi, elektrik avadanlıqları, mebellər tamamilə yararsız hala düşüb.
Sakinlərdən biri yeni təmir edib, təzə əşyalarla döşədiyi evini bizə göstərdi. Yaşanmaz hala gələn evə təxminən 30 min manat civarında ziyan dəyib. Bəzi evlərdə çatlar yaranıb və qəzalı vəziyyətə düşüb.
Məsələ ilə bağlı hadisə yerində olan Nizami RİH-nin ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri İldırım Mehdiyevlə həmsöhbət olduq. O bildirdi ki, hazırda zərər dəyən evlərin qeydiyyatı aparılır. Lakin ziyan dəyən evlərin sayı və dəyən ziyanın həcmi ilə bağlı dəqiq rəqəmlərin mövcud olmadığını bildirib.
Sitat.info Keşlədən hazərlanan videoreportajı təqdim edir:
Məğrur Salmanov,
Sitat.info