Nizami rayonu, Keşlə qəsəbəsində ciddi infrastruktur problemləri var. Qəsəbənin yollarının yararsız vəziyyətdə olması, kanalizasiya lyuklarının qəzalı durumu hər şeyi göz önünə sərir. Bu mənzərə Nizami Rayon Icra Hakimiyyətinin, bələdiyyələrin fəaliyyətsizliyini ortaya qoyur.
Xatırlayırsınız, Xətaidə kollektorun partlaması nəticəsində onlarla ailənin evinə ciddi zərər dəydi. Evlər, küçələr yarıya qədər sel suları altında qaldı. Buna baxmayaraq, rayonunun icra başçısı Coşqun Cəbrayılov su basmış evlərə gəlib vətəndaşlarla görüşməyib, onlarla maraqlanmayıb. Bunu mən yox, Sabir küçəsində yaşayan vətəndaş deyir.
Coşqun Cəbrayılov müavini İldırım Mehdiyevi göndərib ki, get sakinlərlə görüş. İldırım müəllimlə görüşdüm, kollektorun partlaması nəticəsində neçə vətəndaşın zərər gördüyünü soruşdum, lakin cavab verə bilmədi. Gülərək, zarafatla məni yola verdi.
Onu da qınamıram, onun vəzifəsi başçısının ictimai siyasi məsələri ilə məşğul olmaqdır. Hardan bilsin ki... Zərər görən vətəndaşları qeydə alan icra nümayəndləri isə qeydiyyat kitabını üzümə bağladı. Sanki gizli bir iş gedirmiş kimi...
Davam edək.... Şəhərin mərkəzindən elə də uzaq olmayan Keşləni gəzirik. Qəsəbənin mərkəzi küçələrinin birindəyik, işıqforun yanında, insanların ən çox hərəkət etdiyi ərazidə dolub daşan zibil yeşikləri ürək bulandırır. Zibilin belə vaxtlı-vaxtında təmizlənməməsi ərazidə yaşayanların gündəlik həyatını daha da çətinləşdirir. Kanalizasiya sularının yeni çəkildiyi küçələrdə üfunət qoxusu var.
Qəsəbədaxili yollar uzun müddətdir təmir olunmur. Asfalt örtüyü demək olar ki, tam sıradan çıxıb, kanalizasiya lyuklarının olduğu çökəkliklər isə sürücülər üçün bir sınağa çevrilib. Yaranan vəziyyət həm piyadalar, həm də sürücülər üçün ciddi təhlükə yaradır. Xüsusən axşam saatlarında işıqlandırma sisteminin də olmadığı bu yollarda təhlükənin nə qədər ciddi olduğunu siz təsəvvür edin. Yağışlı havalarda vəziyyət daha da ağırlaşır, bu yollar keçilməz olur. Avtomobilimlə hərəkətdə olarkən 2-3 dəfə bu lyuklara ilişdim.
Yolların dar olması vəziyyəti daha da çətinləşdirir, üstəgəl piyada səkiləri də müxtəlif obyektlər tərəfindən zəbt olunub. Ensiz piyada zolağı avtomobil yolundan xüsusi bardyorlarla ayrılmadığından piyadaların təhlükəsiz və rahat hərəkəti mümkünsüzdür. Xüsusən də azyaşlılar, bu yoldan intensiv istifadə edən məktəblilər risk altındadırlar.
Sakinlər bildirir ki, mövcud problemlərlə bağlı dəfələrlə aidiyyəti qurumlara, Nizami Rayon İcra Hakimiyyətinə müraciət etsələr də, hələlik ciddi addım atılmayıb.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Məğrur Salmanov,
Sitat.info