Hörmüz boğazının minalardan təmizlənməsi 6 ay çəkə bilər – ABŞ mediası

13:12 23 Aprel 2026

ABŞ mediasında yer alan xəbərlərə görə, Hörmüz boğazının minalardan tam təmizlənməsi aylarla davam edə bilər. Bildirilir ki, bu prosesin müharibə başa çatmadan həyata keçirilməsi ehtimalı olduqca aşağıdır.

Sitat.info xəbər verir ki, The Washington Post qəzetinin adı açıqlanmayan üç rəsmi şəxsə istinadən yaydığı məlumata görə, Pentaqonun yüksək vəzifəli nümayəndəsi Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinə qapalı brifinq zamanı mina təmizləmə əməliyyatlarının təxmini vaxt cədvəlini təqdim edib.

Məlumata əsasən, Hörmüz boğazında mina təmizləmə işləri təxminən altı ay davam edə bilər. Rəsmilər qeyd ediblər ki, ABŞ və İsrail ilə İran arasında müharibə tam başa çatmadan bu əməliyyatlara başlamaq real görünmür. Bu qiymətləndirmənin həm demokrat, həm də respublikaçı konqresmenlər arasında narazılıq doğurduğu bildirilir.

Eyni zamanda, Konqres üzvlərinə İranın boğaz ətrafına “20 və ya daha çox” mina yerləşdirə biləcəyi barədə məlumat verildiyi iddia olunur. Qeyd edilir ki, bəzi minalar GPS texnologiyası ilə uzaqdan yerləşdirilib və bu da onların vaxtında aşkar edilməsini çətinləşdirir.

Pentaqon isə mina təmizləmə əməliyyatlarının müddəti ilə bağlı sualları cavablandırmaqdan imtina edib.

Mövcud vəziyyət

Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı həyata keçirdiyi hücumlardan sonra regionda gərginlik artıb və münaqişə genişlənib. 8 apreldə ABŞ və İran arasında iki həftəlik atəşkəs razılaşması əldə olunub.

Aprelin 11-də tərəflər Pakistanın vasitəçiliyi ilə İslamabadda danışıqlar aparsalar da, proses razılaşma olmadan yekunlaşıb.

ABŞ prezidenti Donald Trump isə Pakistan tərəfinin müraciətindən sonra atəşkəsin uzadılması barədə qərar verdiyini açıqlayıb. Onun sözlərinə görə, İran tərəfinin rəsmi təklif təqdim etməsinə qədər hərbi əməliyyatlar dayandırılacaq, lakin ABŞ qüvvələri tam hazırlıq vəziyyətində qalacaq.

Nigar,

Sitat.info



Xəbər xətti