"Ermənistanın paytaxtı İrəvanda keçirilən “Avropa Siyasi Birliyi” sammiti, seçki öncəsi Paşinyana ciddi dəstəkdir və sülh prosesi davam etməsi aspektindən də yaxşı haldır. Seçkidə digər xarici “oyunçu” isə Rusiyadır, Kremlin qurduğu oyun fərqlidir".
Sitat.info xəbər verir ki, bu sözləri Real Partiyasının sədri Natiq Cəfərli deyib.
O bildirib ki, Rusiya Paşinyan hakimiyyəti ilə barışıb, müəyyən təzyiqlərlə onun qərbpərəst mövqeyini neytrallaşdırmağı daha mümkün variant hesab edir: "Rusiya ilə İrəvan arasında ciddi fikir ayrılıqları var, amma bu o demək deyil ki, Rusiya Ermənistanı tamamilə əlindən çıxarıb. Rusiyanın Ermənistanda hərbi bazaları var, iqtisadiyyatının 70 faizindən çoxu onlardan asılıdır. Rusiya fərqli mühasibət sərgiləyir, "ruspərəst" qüvvələrin Ermənistanda seçki yolu ilə hakimiyyətə gəlməsinin mümkün olmadığını anlayırlar, çünki cəmiyyət də son 200 ildə ilk dəfədir ki, kifayət qədər Rusiyadan narazıdır. Moskva anlayır ki, Ermənistanda hakimiyyətə Paşinyana alternativ ola biləcək daha çox qərbpərəst qüvvələr gələ bilər. Bu nöqteyi nəzərdən Kreml Paşinyana müəyyən təzyiqləri əlində saxlamaqla onun hakimiyyətdə qalması ilə barışıb. Fikrimcə Rusiyanın strategiyası Paşinyan komandasına təsir rıçaqlarını əlində saxlamaqla daha qərbpərəst qüvvələrin hakimiyyətə gəlməyinin qarşısını almaqdır".
Aytac,
Sitat.info