Kreml Bakını qəbul edir, İrəvana isə “vassal” kimi yanaşır – Zelenskinin səfərlərinə fərqli reaksiyalar...

13:37 5 May 2026

"Kreml və onun əlaltıları Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfərini narazılıqla qarşılasalar da, bu məsələni çox da qabartmadılar. Çünki Kreml Azərbaycanın Rusiyanın nüfuz dairəsində olmadığını, Türkiyənin müttəfiqi olduğunu və Bakının müxtəlif dövlətlərlə sərbəst şəkildə əlaqələr qurması faktını qəbul edib".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, eyni sözləri Ermənistan haqqında söyləmək mümkün deyil: "hər nə qədər baş nazir Nikol Paşinyan Rusiyanın nüfuz dairəsindən uzaqlaşmağa çalışsa da, onun təmsil etdiyi ölkəni hələ də Moskvanın vassalı kimi dəyərləndirirlər. Ona görə də Kreml və onun mediadakı ruporları Volodimir Zelenskinin Avropa Siyasi Birliyinin sammitində iştirakı məqsədilə Ermənistana səfərini xüsusi etirazla qarşılayıblar. Erməni radikallar da Kremllə eyni mövqedən çıxış edərək Ukrayna Prezidentinin İrəvana gəlişini Rusiya-Ermənistan münasibətlərinə mənfi təsirindən danışırlar. Halbuki, Ukrayna Prezidentini İrəvana Nikol Paşinyan dəvət etməyib, bu Avropa Siyasi Birliyinin sammitidir, qonaqları Brüssel müəyyənləşdirib".

Politoloq vurğulayıb ki, Kreml və erməni radikallar ümumiyyətlə Avropa sammitinin İrəvanda keçirilməsini də Paşinyanın Rusiyaya xəyanəti kimi qiymətləndiriblər: "Halbuki, Avropa Siyasi Birliyinin 2026-cı ildəki sammitinin İrəvanda, növbəti ildəki sammitinin isə Bakıda keçirilməsi qərarı da Brüsselə məxsusdur. Ancaq orası da var ki, Brüssel İrəvandakı sammit vasitəsilə həm Ermənistanı Rusiyadan uzaqlaşdırmaq, həm də iyun ayında parlament seçkisində Paşinyanın qələbə şansını artırmağı hədəfləyib".

Nigar,

Sitat.info 



Xəbər xətti