"Bu uşaqların ləyaqət və qürur məsələsidir" - Məktəblilərin ictimai nəqliyyatdan pulsuz istifadəsi gündəmdə...

10:31 7 May 2026

"Bu ürəkağrıdan məsələ ilə bağlı bir neçə il əvvəl də yazmışdım. Bu gün yenə yazıram. Bəlkə bu dəfə səsimiz bir az daha uzağa çatar bəlkə, kiçik də olsa bir ümid yaranar. Dəfələrlə şahidi olmuşam: məktəblilər ictimai nəqliyyata minmək istəyir, amma kartları olmur. Ya unudur, ya da kartı var, amma balansında pulu olmur. Bəzi sürücülər uşaqlara minməyə icazə vermir, bəziləri anlayış göstərib göz yumur, digərləri isə hamının eşidəcəyi şəkildə “a bala, kart vur!” deyə qışqırırlar. Siz Allah, özünüzü o uşağın yerinə qoyun. Çiyinlərində çanta, ürəyi sapdan incə bir qız uşağı…  Və hamının gözü qarşısında sınan bir qürur… Məktəbə getmək borcu olan bir uşaq niyə o hissi yaşamalıdır? Onun günahı nədir? Tutaq ki, o uşağın yolpulusu yoxdur. Onda nə etməlidir? Məktəbə getməsin? Təhsildən geri qalsın?".

Sitat.info xəbər verir ki, bu sözləri rejissor Elçin Ağazadə sosial şəbəkədə paylaşaraq, məktəblilərin ictimai nəqliyyatdan istifadəsi ilə bağlı güzəştlərin  tətbiq edilməsi məsələsini təkrar gündəmə gətirib. 

O bildirib ki, aztəminatlı ailələrdə bir yox, bir neçə uşaq məktəbə ictimai nəqliyyatla gedib-gəlirsə, bu zaman ciddi bir xərc yaranır: "Sadə bir hesab aparaq: orta və ya aztəminatlı bir ailədə iki məktəbli uşaq hər gün ictimai nəqliyyatdan istifadə edərsə, bu, gündə təxminən ən azı 2 manat 40 qəpik edir. Ay ərzində isə bu məbləğ 70 manatı keçir. Bu, hətta orta əmək haqqı ilə yaşayan ailə üçün belə ciddi yükdür. Bu məsələ artıq sadəcə nəqliyyat problemi deyil! Bu, uşaqların ləyaqət və qürur məsələsidir. Qüruru sınmış bir uşaq məktəbə sağlam düşüncə ilə gedə bilməz. Onsuz da şagirdlər məktəbli forması geyinir, onların məktəbə gedib-gəlmə saatları bəllidir. Həftənin beş günü bu uşaqlardan yolpulu alınmasa, barı heç olmasa səhər saatlarında alınmasa, nə dövlət üçün böyük bir yük yaranar, nə də “dünya dağılar”.Onsuz da ailələrə uşaqpulu verilmir. Heç olmasa məktəblilər üçün ictimai nəqliyyatdan, avtobus və metrodan istifadə pulsuz və ya ən azı güzəştli edilsə gözəl olar. Bu, böyük bir tələb deyil. Bu, sadəcə uşaqların inciməməsi, sınmaması üçündür". 

Tehran,

Sitat.info 



Xəbər xətti