ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanının ABŞ bazalarından və hava məkanından istifadəni dayandırmasından sonra Hörmüz boğazında ilişib qalmış neytral ölkələrdən gələn ticarət gəmilərini müşayiət etmək üçün başlatdığı "Azadlıq əməliyyatı"nı dayandırdığı iddia edilib.
Sitat.info xəbər verir ki, NBC News-un iki adı açıqlanmayan ABŞ rəsmisinə istinadən verdiyi məlumata görə, Trampın sosial mediada elan etdiyi əməliyyat Körfəz ölkələri üçün sürpriz olub.
Rəsmilər iddia ediblər ki, Səudiyyə Ərəbistanı hökuməti Vaşinqtona ABŞ ordusunun Şahzadə Sultan hava bazasından uçuşlar həyata keçirməsinə və ya hava məkanından istifadə etməsinə icazə verməyəcəyi barədə məlumat verib.
Rəsmilər daha sonra iddia ediblər ki, Trampla Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman arasında keçirilən görüş heç bir nəticə verməyib və bu da Trampın əməliyyatı müvəqqəti olaraq dayandırmasına səbəb olub.
Digər tərəfdən, Ağ Ev rəsmisi regiondakı müttəfiqlərin məsələ ilə bağlı əvvəlcədən məlumatlandırıldığını iddia edib.
Xatırladaq ki, 4 mayda Tramp Hörmüz boğazında ilişib qalmış və Yaxın Şərq böhranı ilə əlaqəsi olmayan "neytral" ölkələrdən gələn gəmilərə kömək etməyə başlayacaqlarını və əməliyyata "Azadlıq Əməliyyatı" adını verəcəyini açıqladı. ABŞ Dövlət Katibi Marko Rubio Ağ Evdə keçirilən mətbuat brifinqində "Azadlıq" əməliyyatının başlamasını İranın Hörmüz boğazını bağlaması səbəbindən Körfəz bölgəsindəki 87 fərqli ölkədən təxminən 23.000 mülki şəxsin xilas edilməsi cəhdi kimi təqdim etdi. 6 may tarixində Tramp "Azadlıq" əməliyyatını müvəqqəti olaraq dayandırmaq qərarına gəldiyini açıqladı.
Tehran,
Sitat.info