ABŞ və İran arasında danışıqlar prosesi başlayır: 60 günlük kritik mərhələ...

12:20 16 İyun 2026

ABŞ Prezidenti Donald Tramp İranla əldə olunan razılaşmadan sonra sülh yolunda kritik mərhələnin keçildiyini bəyan edib. O bildirib ki, cümə günü Cenevrədə sənədin fiziki imzalanmasından sonra başlayacaq 60 günlük müddət ərzində nüvə proqramının gələcəyindən sanksiyaların ləğvinə qədər bütün mühüm məsələlər texniki heyətlər tərəfindən müzakirə olunacaq.

Sitat.info xəbər verir ki, ABŞ və İran arasında uzun müddətdir davam edən gərginliyi və hərbi toqquşma riskini aradan qaldırmaq məqsədilə tarixi razılaşma əldə olunub. Fransada keçirilən G7 Sammiti çərçivəsində çıxış edən Tramp iki ölkənin sülhə doğru mühüm addım atdığını vurğulayıb.

“Hörmüz boğazı tam açılıb”

Fransa Prezidenti Emmanuel Makron ilə görüşü öncəsi açıqlama verən Tramp memorandumun elektron formada özü, ABŞ-ın vitse-prezidenti Mayk Pens və İran tərəfdən parlament sədri Məhəmməd Baqir Qalibaf tərəfindən imzalandığını bildirib.

Tramp proseslə bağlı texniki detalları açıqlayaraq deyib:  “Hörmüz boğazı tam açılıb. Minaların təmizlənməsi üçün qısa müddətə ehtiyac var, lakin işlər başa çatan kimi neft axını tam gücü ilə bərpa olunacaq. Bundan əlavə, ilkin mərhələdə İrana məxsus 7 milyard dollarlıq vəsaitin sərbəst buraxılması nəzərdə tutulur. İran öhdəliklərinə əməl edərsə, sanksiyaların tamamilə ləğvi də gündəmdədir. İran nüvə silahına sahib olmayacaq.”

ABŞ Prezidenti əlavə edib ki, rəsmi imza mərasimi iyunun 19-da Cenevrədə keçiriləcək və ABŞ-ı vitse-prezident Mayk Pens təmsil edəcək.

Razılaşmanın fiziki imzalanmasından sonra ABŞ və İranın texniki nümayəndə heyətləri 60 gün ərzində üzbəüz görüşlər keçirəcəklər. Danışıqlarda İranın nüvə proqramının gələcəyi başda olmaqla bütün mübahisəli məsələlər müzakirə olunacaq. Görüşlərin uğurla nəticələnəcəyi təqdirdə yekun sülh sazişinin imzalanması gözlənilir.

Fransa Prezidenti Emmanuel Makron də razılaşmanı “çox mühüm addım” adlandıraraq, Hörmüz boğazının yenidən açılmasının qlobal iqtisadiyyat üçün həyati əhəmiyyət daşıdığını vurğulayıb.

Ərdoğan: “Bölgəmiz rahat nəfəs aldı”

Hadisə ilə bağlı Türkiyədən ilk reaksiyanı Prezident Recep Tayyip Erdoğan verib. Nazirlər Kabinetinin iclasından sonra danışan Ərdoğan Türkiyənin də prosesə töhfə verdiyini bildirərək deyib: “İsrailin təxribatları ilə 28 fevralda başlayan müharibədə dünən gecə çox mühüm addım atıldı. ABŞ və İran arasında qarşıdurmanın dayandırılmasına yönəlmiş razılaşmanın əldə olunduğu açıqlandı. Beləliklə, aylardır gərginlik içində olan bölgəmiz rahat nəfəs aldı. Bölgəni daha da parçalamağa yönəlmiş məkrli planlara laqeyd qalmadıq"

Ərdoğan müharibənin humanitar nəticələrinə, xüsusilə uşaqların yaşadığı faciələrə diqqət çəkərək bildirib ki, bu mənasız müharibə səhifəsinin artıq bağlandığına inanırıq. Razılaşmanın davamlı sülh və sabitliyə aparan yolu geniş şəkildə açacağına ümid edirik.

Nigar,

Sitat.info



Xəbər xətti