Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, "Hörmüz boğazının müharibədən əvvəl olduğu kimi bütün gəmilərin təhlükəsiz, sərbəst və fasiləsiz keçidi üçün açıq saxlanılması həm regional sabitlik, həm də qlobal enerji təhlükəsizliyi və beynəlxalq ticarət baxımından həyati əhəmiyyət daşıyır".
Sitat.info xəbər verir ki, Fidan Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla keçirdiyi görüşdən sonra təşkil olunan birgə mətbuat konfransında çıxış edib: "O, ABŞ ilə İran arasında əldə olunan razılaşmanı bölgədə qarşıdurma mühitinin aradan qaldırılması baxımından son dərəcə dəyərli diplomatik addım kimi qiymətləndirdiyini və bunu məmnunluqla qarşıladığını bildirib.
Fidan qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da vurğuladığı kimi, bölgəyə və dünyaya rahat nəfəs almağa imkan verən bu addımın müvəqqəti sakitlikdən daha çox, davamlı və dayanıqlı təhlükəsizlik sisteminə çevrilməsi ən böyük arzudur.
Nazir razılaşmanın yekun imzalanma mərhələsinə uğurla çatmasını, tam şəkildə icra olunmasını və qalıcı diplomatik platformaya çevrilməsini arzuladığını bildirib. O əlavə edib ki, yekun imzalar atılana qədər olan həssas dövrdə sülh prosesinə zərər verə biləcək açıqlamalardan və İsrailin prosesi pozmağa yönəlmiş mümkün təxribat cəhdlərindən qəti şəkildə uzaq durulmalıdır.
Fidan bu nəticənin əldə olunmasında ABŞ və İran rəhbərlərinin nümayiş etdirdiyi siyasi iradənin mühüm rol oynadığını vurğulayıb. O, Pakistanın vasitəçilik səylərini yüksək qiymətləndirdiklərini, həmçinin Qətər və Səudiyyə Ərəbistanının diplomatik təşəbbüslərə verdiyi dəstəyi məmnunluqla qeyd etdiklərini deyib.
Nazir bir daha vurğulayıb ki, Hörmüz boğazının bütün gəmilər üçün açıq saxlanılması regional sabitliklə yanaşı, qlobal enerji bazarları və beynəlxalq ticarət üçün də həyati əhəmiyyət daşıyır.
Fidan bildirib ki, Türkiyənin əsas məqsədi bu razılaşmanın gələcəkdə daha geniş regional sülh prosesinə yol açmasıdır və Ankara bu istiqamətdə fəaliyyətini davam etdirir.
Nigar,
Sitat.info