Müasir dövrdə insanların böyük hissəsi günün əksər saatlarını oturaq vəziyyətdə keçirir. Ofis işi, kompüter qarşısında uzun müddət işləmək, avtomobildən intensiv istifadə və fiziki aktivliyin azalması təkcə artıq çəki və ürək-damar xəstəliklərinə deyil, həm də bəzi xərçəng növlərinin yaranma riskinin artmasına səbəb ola bilər.
Elmi araşdırmalar göstərir ki, oturaq həyat tərzi xərçəngin birbaşa səbəbi olmasa da, onun inkişafına şərait yaradan amillərdən biridir. Uzun müddət hərəkətsiz qalmaq nəticəsində orqanizmdə maddələr mübadiləsi zəifləyir, artıq çəki, insulin müqaviməti, xroniki iltihab və hormonal dəyişikliklər meydana gəlir. Məhz bu dəyişikliklər xərçəng riskinin artması ilə əlaqələndirilir.
Mütəxəssislərin məlumatına görə, ən güclü əlaqə yoğun bağırsaq (kolorektal) xərçəngi ilə müşahidə olunur. Oturaq həyat tərzi bu xəstəliyin riskini təxminən 20-30 faiz artırır. Uşaqlığın daxili qatı olan endometrium xərçəngində risk 30-40 faiz, bəzi araşdırmalarda isə 50 faizə qədər yüksələ bilir. Menopauzadan sonrakı dövrdə qadınlarda döş xərçəngi riski də 10-20 faiz artır. Ağciyər xərçəngi ilə bağlı da müəyyən əlaqə aşkar edilsə də, bu istiqamətdə sübutlar digər xərçəng növləri ilə müqayisədə daha zəif hesab olunur.
Ümumdünya Səhiyyə Təşkilatı və aparıcı səhiyyə qurumları fiziki aktivliyin azlığını qarşısı alına bilən əsas risk faktorlarından biri kimi qiymətləndirirlər. Mütəxəssislər bildirirlər ki, gün ərzində uzun müddət fasiləsiz oturmaq əvəzinə hər 30-60 dəqiqədən bir ayağa qalxaraq bir neçə dəqiqə hərəkət etmək, müntəzəm gəzinti və idmanla məşğul olmaq sağlamlıq üçün böyük əhəmiyyət daşıyır.
Həkimlər böyüklərə həftədə ən azı 150-300 dəqiqə orta intensivlikdə və ya 75-150 dəqiqə yüksək intensivlikdə fiziki fəaliyyətlə məşğul olmağı tövsiyə edirlər. Bununla yanaşı, sağlam qidalanma, normal bədən çəkisinin qorunması və siqaretdən uzaq durmaq da xərçəng riskini azaltmağa kömək edən əsas amillər sırasındadır.
Mütəxəssislər vurğulayırlar ki, gündəlik həyat tərzində ediləcək kiçik dəyişikliklər belə uzunmüddətli perspektivdə sağlamlığın qorunmasına və bir sıra xərçəng növlərinin inkişaf riskinin azalmasına mühüm töhfə verə bilər.
Aytac,
Sitat.info