Bakının bu küçəsində hərəkət istiqaməti dəyişdirilir

13:30 15 İyul 2026

İyulun 16-dan Bakının Əbdüləzəl Dəmirçizadə küçəsində nəqliyyat vasitələrinin hərəkət istiqaməti əksinə dəyişdirilir.

Sitat.info  xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata əsasən, dəyişiklik Nəqliyyatı Əlaqələndirmə Şurasının təsdiqlədiyi layihə çərçivəsində həyata keçirilir.

Həyata keçirilən bu layihə daha əvvəl Koroğlu Rəhimov küçəsində və Xətai prospektində reallaşdırılan uğurlu layihələrin davamıdır.

 Təbriz küçəsindən Heydər Əliyev prospekti istiqamətində hərəkət edən nəqliyyat vasitələri əvvəlki istiqamətdən fərqli olaraq yalnız Koroğlu Rəhimov və Əhməd bəy Ağaoğlu küçələri vasitəsilə hərəkətlərini davam etdirə biləcəklər.

"Dəyişiklik nəticəsində Xətai prospekti ilə Əbdüləzəl Dəmirçizadə küçəsinin kəsişməsində işıqforun fazalarının sayı üçdən ikiyə endiriləcək. Bu isə nəqliyyat vasitələrinin orta gözləmə müddətini təxminən 40 saniyəyə qədər azaldacaq, kəsişmənin ötürücülük qabiliyyətini artıracaq. Bu, əsasən Koroğlu Rəhimov küçəsi və Xətai prospekti, eyni zamanda Yusif Səfərov küçəsi və Heydər Əliyev prospektlərində hərəkət şəraitinə müsbət təsir göstərəcək", - məlumatda qeyd olunub.

Bildirilib ki, layihə çərçivəsində yeni avtobus zolağı da təşkil ediləcək. Yaradılan avtobus zolağı ümumi axına mane olmadan yalnız sağa, yəni Təhsil Nazirliyi istiqamətində avtobusların hərəkətini təmin edəcək.

Layihənin icrası zamanı Dəmirçizadə küçəsində mövcud parklanma yerləri tam şəkildə saxlanılacaq.



Xəbər xətti