XİN-dən azərbaycanlılara xəbərdarlıq: Qara dənizdəki gəmilərdə işləməyin!

15:37 15 İyul 2026

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayaraq vətəndaşlara münaqişə bölgələrindən uzaq qalmaq barədə çağırış edib.

Bu barədə Sitat.info-ya nazirlikdən məlumat verilib.

Qeyd olunub ki, dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, müxtəlif silahlı münaqişə bölgələrində və yüksək riskli ərazilərdə Azərbaycan vətəndaşlarının fəaliyyət göstərməsi, habelə onların həlak olması və ya müxtəlif dərəcəli bədən xəsarətləri alması halları təəssüf hissi ilə qeydə alınmaqda davam edir.

Xüsusilə Qara dəniz hövzəsində davam edən hərbi əməliyyatlar, mülki gəmiçiliyə qarşı mövcud təhlükələr, pilotsuz uçuş aparatları, raket və digər silahlardan istifadə edilməsi nəticəsində regionda təhlükəsizlik vəziyyəti son dərəcə həssas olaraq qalır. Hərbi əməliyyatların coğrafiyası və intensivliyi nəzərə alınmaqla, mülki gəmilər və onların ekipaj üzvləri üçün risklər əhəmiyyətli dərəcədə artıb.

Bu çərçivədə Azərbaycan vətəndaşlarına hərbi əməliyyatların davam etdiyi və ya təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən, həmin ərazilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan və ya bu marşrutlar üzrə fəaliyyət göstərən nəqliyyat vasitələrində, o cümlədən dəniz gəmilərində işləməkdən çəkinməyə bir daha çağırış edirik.

Bununla yanaşı, rəsmi xəbərdarlıqlara ciddi şəkildə riayət olunmasını və zərurət yarandıqda Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqları ilə əlaqə saxlanılmasını tövsiyə edirik.



Xəbər xətti