“İnfantinonun getmək vaxtı çatıb”

19:00 21 İyul 2026

İspaniya La Liqasının prezidenti Xavyer Tebas FIFA rəhbəri Canni İnfantinonu DÇ-2026-nın təşkili və futbol sənayesini yalnız kommersiya maraqlarına qurban verməsi səbəbilə kəskin tənqid edib.

Sitat.info xəbər verir ki, İspaniya futbolunun rəhbəri “La Gazzetta dello Sport” nəşrinə müsahibəsində FIFA-nın hər şeyi futbolun deyil, yalnız öz maraqlarına uyğun təşkil etdiyini bildirib.

Xavyer Tebas turnir zamanı tətbiq olunan bəzi qaydaları fırıldaq adlandırıb:

“Əgər onlara 27 dəqiqəlik fasilə lazımdırsa, bunu edirlər. Su fasilələri isə sadəcə bir oyundur. Biz La Liqada da bundan istifadə edirik, amma yalnız hava həqiqətən çox isti olduqda. Bura gəldikdə isə Dallas, Los-Anceles və Atlantanın stadionlarında kondisionerlər işləyirdi – mən hətta tribunada sviter geyinməli oldum. Bu, reklam fasiləsi yaratmaq üçün uydurulmuş yalan idi”.

Dünya çempionatında iştirakçı komandaların sayının artırılmasına da toxunan Tebas bunun heç bir məntiqə sığmadığını deyib:

“Hər şey yalnız bu turnirin ətrafında fırlana bilməz. Məhz milli çempionatlar bu idman növünü ayaqda saxlayır. Onlar cəmi 40 gün davam edən və futbolçuların yalnız kiçik bir hissəsinin qatıldığı turnir xətrinə on minlərlə iş yeri yaradan bütöv bir futbol sənayesini məhv edirlər”.

La Liqa prezidenti FIFA rəhbərinin istefa verməli olduğunu vurğulayıb:

“İnfantinonun getmək vaxtı artıq çatıb. Amma onu sistem və federasiyalar qoruyur. Alternativ namizəd yoxdur, çünki heç kim sırf uduzmaq üçün namizədliyini irəli sürmək istəmir. Sistem elə bünövrəsindən xarabdır. ABŞ-də olduğum müddətdə çox adamın İnfantinoya qarşı çıxış etdiyini eşitdim, insanlar onun addımları ilə razı deyillər. Danışırlar, amma heç nə etmirlər. Bilmirəm hansı daha pisdir: sükut, yoxsa şərik olmaq. Çünki susanlar futbola nə qədər zərər dəydiyini çox yaxşı anlayırlar”.



Xəbər xətti