Rezidenturaya qəbul üzrə namizədlərin qeydiyyatı başlayır

08:11 22 İyul 2026

Bu gün rezidenturaya qəbul üzrə I mərhələdə müsabiqə şərtlərini ödəyən və II mərhələdə iştirak etmək hüququ olan namizədlərin qeydiyyatı başlayır.

Bu barədə Sitat.info-ya Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Qeyd olunub ki, ötən illərdə rezidenturaya qəbulun I mərhələsində (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında) "məqbul" nəticə əldə etmiş namizədlər də rezidenturaya qəbulun II mərhələsində (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında) iştirak etmək üçün "Namizədin elektron ərizəsi" formasını doldurur, müvafiq bənddə qeydiyyat aparmaqla ərizəni təsdiq edir (etdirir).

İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmış namizədlər tələb olunan məbləği "Şəxsi kabinet"lərinin hesabına əlavə edib Mərkəz tərəfindən müəyyən edilmiş müddətdə (22-30 iyul 2026-cı il tarixinə planlaşdırılır) qeydiyyatdan keçməlidirlər.

İmtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından "məqbul" alan (40 və daha çox olan bal toplayan) namizədlər buraxılırlar.

Xatırladaq ki, iyunun 22-də rezidenturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb.



Xəbər xətti