Peşə məktəblərinə qəbul BAŞLADI

11:21 23 İyul 2026

Peşə təhsili müəssisələrinə qəbul başlayıb.

Sitat.info xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı peşə təhsili üzrə tələbə qəbulu və yeni yaradılan ixtisaslarla bağlı brifinqdə deyib.

Onun sözlərinə görə, qəbul prosesinin ilk mərhələsində abituriyentlər iyulun 23-dək avqustun 10-dək portal.edu.az platformasında şəxsi kabinet yaradaraq qeydiyyatdan keçəcək və 5 ixtisas seçimi edə biləcəklər:

"Qəbulun nəticələri avqustun 14–15-də şəxsi kabinet və SMS vasitəsilə elan olunacaq. Qəbul olunan şəxslərin peşə təhsili müəssisələrində qeydiyyatı isə avqustun 16–25-də aparılacaq. Bu mərhələdə tələbələr müvafiq təhsil müəssisələrinə sənədlərini təqdim etməlidirlər".

İ.Bayramlı həmçinin bildirib ki, bu ildən peşə məktəblərində əmək bazarının ehtiyaclarına uyğun 5 yeni ixtisas tədris olunacaq:

"Həmin ixtisaslar geodeziya və kartoqrafiya, satınalmaların təşkili, qida emalı texnologiyaları, istixana operatoru, çörək ustası olacaq. Qəbul planının 44%-i (14 580 yer) iqtisadiyyat, xidmət, informasiya texnologiyaları istiqamətini əhatə edir. Ən çox plan yeri ayrılan ixtisaslar arasında aşpaz, bərbər-vizajist-manikürçü, dərzi, elektrik montyoru, əməliyyatçı mühasib, elektrik qaz qaynaqçısı, kompüterlərin təmiri və xidməti üzrə texnik, qrafik dizayner, avtomobillərin təmiri çilingəri və bitkiçilik mütəxəssisi yer alır".

Agentlik rəhbəri həmçinin vurğulayıb ki, qəbul planının 66%-i regionlarda yerləşən peşə təhsili müəssisələrinin, 34%-i isə Bakı şəhərinin payına düşür.

İ.Bayramlı əlavə edib ki, 2022–2026-cı illər ərzində 4 peşə təhsili müəssisəsində yenidənqurma və əsaslı təmir tamamlanıb:

"5 müəssisədə yenidənqurma və əsaslı təmir işləri davam edir. 7 müəssisə üzrə layihələndirmə aparılır. 2024–2026-cı illərdə 46 yeni emalatxana yaradılıb. 8 peşə təhsili müəssisəsində 1000 yerlik yataqxana fəaliyyət göstərir".



Xəbər xətti