DİQQƏT! Kart məlumatlarınızı bu yolla ələ keçirə bilərlər – Kiberpolisdən əməliyyat - VİDEO

20:28 30 İyul 2026

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi müxtəlif alış-veriş platformaları, həmçinin bank və bank olmayan kredit təşkilatlarına məxsus internet səhifələrini təqlid edən saxta fişinq saytlar yaradaraq vətəndaşların kart məlumatlarını ələ keçirən daha iki şəxsi saxlayıb. 

Sitat.info xəbər verir ki, kiberpolisin keçirdiyi əməliyyat-axtarış və texniki tədbirlərlə qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən Məhəmməd İbadov və Hüseyn Kazımov məsuliyyətə cəlb ediliblər.

Araşdırmalarla müəyyən edilib ki, H.Kazımov və M.İbadov "Telegram" platformasında kompüter, noutbuk və mobil telefonların guya böyük endirimlərlə satıldığı, eləcə də sərfəli şərtlərlə kreditlərin təqdim edildiyi barədə saxta elanlar yerləşdiriblər. 
Onlar hazırladıqları saxta elanların daha çox istifadəçiyə çatdırılması məqsədilə ödənişli internet reklamlarından istifadə ediblər.

Elanlara daxil olan vətəndaşlar endirimli xidmətlərdən yararlanacaqlarını düşünərək saxta səhifələrdə bank kartı məlumatlarını daxil etdikdən sonra bu informasiyalar dərhal şübhəli şəxslərin əlinə keçib. Bununla da kiberdələduzlar həmin kart məlumatlarından istifadə etməklə zərərçəkmişlərin hesablarında olan pul vəsaitlərini oğurlayıblar. Onlar ifşa olunmamaq üçün vəsaitləri müxtəlif mərc oyunları platformalarına və ya faktiki olaraq nəzarətlərində olan kartlara köçürüblər. H.Kazımov və M.İbadovun bu üsulla yüzlərlə vətəndaşa maddi ziyan vurduqları müəyyən edilib. Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Onların törətdikləri əlavə analoji faktların, eləcə də cinayət sxemində iştirak etmiş digər şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilmələri istiqamətində tədbirlər davam etdirilir.    

 



Xəbər xətti