Rusiyanın hazırladığı xərçəng peyvəndi ilk sınaqlarda müsbət nəticə verib

09:39 31 İyul 2026

Rusiyada fərdiləşdirilmiş melanoma peyvəndi tətbiq edilən ilk xəstənin səhhətinin yaxşı olduğu və xəstəliyə qarşı tələb olunan immun cavabın formalaşdığı bildirilib.

Sitat.info xəbər verir ki, Peyvəndin hazırlanmasında iştirak edən Qamaleya Tədqiqat İnstitutunun elmi direktoru Aleksandr Ginzburqun sözlərinə görə, aprel ayında ilk dozanı qəbul edən, üçüncü mərhələ melanoma diaqnozu qoyulmuş 60 yaşlı xəstənin müalicəsi davam edir.

Ginzburq bildirib ki, aparılan testlər orqanizmin şiş və metastazlarla mübarizə aparmaq üçün zəruri olan aktiv birləşmələri istehsal etdiyini göstərib və immunoloji cavab son dərəcə müsbət olub.

Rusiya Səhiyyə Nazirliyi ötən il inkişaf etmiş mərhələdə melanoma üçün hazırlanmış "Neooncovac" adlı mRNT əsaslı peyvəndin, həmçinin kolorektal xərçəngi hədəfləyən "Oncopept" adlı peptid preparatının istifadəsini təsdiqləyib.

Qamaleya İnstitutunun nümayəndələri fərdiləşdirilmiş melanoma peyvəndinin yaxın dövrdə daha 10 xəstə üçün hazırlanacağını, istehsal prosesinin isə 1–3 ay ərzində tamamlanacağını açıqlayıblar.

Genetik analiz əsasında fərdi hazırlanır

Bu üsul xərçəngi birbaşa müalicə etmək əvəzinə, immun sisteminə xərçəng hüceyrələrini tanımağı və onları məhv etməyi öyrətməyi hədəfləyir. Bunun üçün xəstənin şişindən və sağlam toxumasından götürülən nümunələrin genetik analizi aparılır. Əldə olunan nəticələr əsasında yalnız həmin şəxs üçün xüsusi peyvənd hazırlanır.

Rusiyanın Milli Tibbi Radiologiya Tədqiqat Mərkəzinin rəhbəri Andrey Kaprin bildirib ki, bu texnologiya xərçəng müalicəsində prinsipcə yeni yanaşma təqdim edir.

Bundan əlavə, "Oncopept" preparatı ilə müalicə alan xəstələrdə də tələb olunan immun cavabın formalaşdığı qeyd olunub. Qamaleya İnstitutunun hazırda mədəaltı vəzi, böyrək və  ağciyər xərçənginin müalicəsinə yönəlmiş tədqiqatları da davam etdirildiyi bildirilib.

Aytac,

Sitat.info



Xəbər xətti