Bakıda "Vital Hospital" kimi tanınan “SAĞLAMLIQ VƏ GÖZƏLLİK MƏRKƏZİ” MMC-də keçirilən plandankənar yoxlamalar zamanı insan həyatı və sağlamlığı üçün ciddi təhlükə yaradan kütləvi qanunsuzluqlar üzə çıxıb.
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən Sitat.info-ya verilən məlumata görə, yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında“ Qanunun 16.1-ci maddəsinə əsasən, 21-23 iyul tarixlərində sözügedən tibb müəssisəsində həyata keçirilib.
Analitik Ekspertiza Mərkəzinin aşkar etdiyi nöqsanlar müəssisədə sanitariya-gigiyena və normativ tələblərin kobud şəkildə pozulduğunu göstərir. Yoxlamalar zamanı aydın olub ki, klinikada tibbi təyinatlı məmulatların və alətlərin dezinfeksiyası ilə sterilizasiyası müvafiq norma və qaydalara uyğun aparılmayıb. Eyni zamanda müəssisədə yararlılıq müddəti keçmiş dərman və tibbi vasitələr aşkar edilib, onların saxlanma şəraitinə riayət olunmadığı üzə çıxıb.
Bununla yanaşı, klinikada rentgenoloji iş üzrə fəaliyyət göstərilsə də, xüsusi icazə sənədinin müddətinin bitdiyi müəyyən olunub və müəssisə tərəfindən radioloji gigiyenik pasport təqdim edilməyib. Tibbi tullantıların idarə olunmasında da ciddi qayda pozuntularına yol verilib. Belə ki, tullantılar çeşidlənməyib, kəsici və deşici tullantılar üçün nəzərdə tutulan sərt karton qutulardan iynə uclarının kənara çıxdığı müşahid olunub. Həmçinin peyvənd sahəsində məişət tipli soyuducudan istifadə edilib, biomateriallarla reagentlərin eyni soyuducuda bir arada saxlanıldığı təsdiqlənib.
Yoxlamalar zamanı "Lisenziyalar və İcazələr haqqında" Qanunun tələblərinin pozulduğu, müəssisənin lisenziyadan kənar fəaliyyət göstərdiyi də təsdiqlənib. Klinikada lisenziyadan kənar kosmetoloji xidmətlərin göstərildiyi faktı aşkarlanıb. Ambulator xidmət üzrə terapevtik, kardioloji və ginekoloji işlər üçün xüsusi prosedur otaqları təşkil edilməyib, kardioloq və ginekoloq həkimlərin qəbulu eyni otaqda həyata keçirilib. Pediatriya, nefroloji, endokrinoloji, ümumi cərrahiyyə, neyrocərrahiyyə və plastik cərrahiyyə daxil olmaqla onlarla sahə üzrə otaqlar qaydalara uyğunlaşdırılmayıb.
Kadr təyinatında da özbaşınalıqlar müəyyən olunub. İxtisasca laborant olan şəxs baş tibb bacısı, şüa diaqnostikası mütəxəssisi isə radioloq vəzifəsinə təyin edilib, bəzi əməkdaşların isə əmək müqavilələri yoxlamaya təqdim olunmayıb.
Aşkar edilən kütləvi hüquqpozmalar insan həyatı və sağlamlığı üçün birbaşa təhlükə yaratdığı üçün “SAĞLAMLIQ VƏ GÖZƏLLİK MƏRKƏZİ” MMC-də stasionar tibbi xidmətin fəaliyyəti dayandırılıb. Sahibkara nöqsanları aradan qaldırmaq üçün 10 iş günü vaxt verilib. Müddət bitdikdən sonra klinikada təkrar yoxlama keçiriləcək və yekun qərar veriləcək.
Xatırldaq ki, bir müddət əvvəl "Vital Hospital"da ölü doğulan uşağın zirzəmiyə atıldığı iddia edilmişdi.