Rusiya avqustun 5-də Ukraynanın paytaxtı Kiyev və ətrafına onlarla ballistik raket zərbəsi endirib. Hücum nəticəsində azı 17 nəfər həlak olub, 40-dan çox insan yaralanıb.
Sitat.info xəbər verir ki, Ukrayna rəsmilərinin məlumatına görə, hücum zamanı anbarlar, logistika mərkəzləri, dəmir yolu stansiyası və digər mülki infrastruktur obyektləri dağıdılıb. Prezident Volodimir Zelenski bildirib ki, tikinti materialları anbarları, pivə istehsalı müəssisəsi və logistika obyektləri də məhv edilib.
Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın buraxdığı 115 pilotsuz uçuş aparatının təxminən 90 faizini zərərsizləşdirdiyini, lakin 24 ballistik raket və 4 "Zirkon" qanadlı raketindən heç birini vura bilmədiyini açıqlayıb.
Zelenski ölkənin ballistik raketlərə qarşı müdafiə sistemlərinin çatışmazlığı səbəbindən insanların həyatını itirdiyini bildirərək, müttəfiqləri "Patriot" sistemləri üçün raketlər və raketdən müdafiə vasitələri göndərməyə çağırıb.
Rusiya Müdafiə Nazirliyi isə Kiyev və ətrafında PUA komponentlərinin saxlanıldığı 7 logistika mərkəzini vurduğunu açıqlayıb. Həm Rusiya, həm də Ukrayna mülki obyektləri qəsdən hədəf aldıqlarını inkar edir.
Aytac,
Sitat.info