Dünya ərzaq böhranının eşiyində: Qara dəniz blokadası Ukrayna taxılının yolunu bağlayıb

11:39 13 Avqust 2026

Ukraynada fermerlər taxıl ixracının dayanması səbəbindən ciddi böhranla üzləşib. Rusiyanın Qara dənizdəki hücumları nəticəsində ölkənin əsas kənd təsərrüfatı ixrac marşrutları kəskin şəkildə məhdudlaşıb. 

Sitat.info-nun Ukrayna mediasına istinadən məlumatına görə, 57 yaşlı fermer Serhiy Rıbanko bildirib ki, anbarları artıq demək olar ki, doludur, lakin məhsulu satmağa alıcı tapılmır. Onun sözlərinə görə, buğda yığımının pik dövründə taxılın ixrac edilə bilməməsi fermerlərin gəlirlərini iflic edib.

Ukrayna kənd təsərrüfatı məhsullarının ixracının təxminən 90 faizini Qara dəniz limanları vasitəsilə həyata keçirir. Kənd təsərrüfatı isə ölkənin ixrac gəlirlərinin təxminən 60 faizini təmin edir.

Reuters-in məlumatına görə, avqustun əvvəlində Ukraynanın taxıl ixracı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 75 faiz azalıb. Ölkənin Mərkəzi Bankı ixracın dayanması səbəbindən 2,5 milyard dollar gəlir itkisi, fermerlərin isə 3 milyard dollar zərər görə biləcəyini hesablayır.

Vəziyyət xüsusilə narahatedicidir, çünki Ukraynada qarğıdalı yığımının gələn ay başlaması gözlənilir. Mövcud anbarların dolması yeni məhsulun saxlanması problemini daha da ağırlaşdıra bilər.

Ukrayna dünya buğda istehsalının təxminən 6 faizini, qarğıdalı istehsalının isə 11 faizini təmin edir. Buna görə ixracın uzun müddət dayanması Afrika və Yaxın Şərqdə Ukrayna taxılından asılı ölkələrdə ərzaq çatışmazlığı riskini artıra bilər.

Kiyev alternativ ixrac marşrutları axtarır. Ukrayna və Moldova taxılın dəmir yolu ilə Rumıniyanın Konstansa limanına daşınmasını müzakirə edir. Təklif olunan marşrut ildə 4,5 milyon tona qədər taxıl daşıya bilər, lakin bu, Ukraynanın ümumi ixrac ehtiyacının yalnız bir hissəsini qarşılayır. 

Beləliklə, Qara dənizdəki müharibə yalnız Ukrayna fermerlərinin gəlirlərini deyil, qlobal taxıl bazarını və ərzaq qiymətlərini də təhlükə qarşısında qoyur.

Nigar,

Sitat.info 



Xəbər xətti