Samuxda 5 nəfərdə ilkin müayinələr nəticəsində qarayara xəstəliyinin əlamətləri olduğu müəyyən olunub. Hazırda onların müalicəsi Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Yoluxucu xəstəliklər şöbəsində aparılır.
Sitat.info xəbər verir ki, məsələ ilə bağlı Oxu.az-ın suallarını cavablayan infeksionist Mərdan Əliyev qarayaranın necə yayıldığı, xəstəliyin əsas əlamətləri, yoluxma riskləri barədə məlumat verib.
O bildirib ki, qarayara xəstəliyi çöpşəkilli xüsusi bakteriyalar tərəfindən törədilir və adətən heyvanlardan insanlara yoluxur:
"İnsandan insana yoluxma hallarına nadirən rast gəlinir. Bu xəstəlik qəssab peşəsi ilə məşğul olan şəxslərdə daha çox görülür. Qarayaraya yoluxan insanlardan da birinci elə peşəsi soruşulur. Qarayaranın ən çox yayılan forması dəri formasıdır. Əgər dəridə mikrozədələr varsa, xəstə heyvanın qanı, ifrazatı ilə təmasda olarkən bakteriya dəriyə düşür. İlk növbədə kiçik səpgilər yaranır. Bu səpgilərə bəzən diqqət edilmir, lakin sonradan həmin səpgilər getmir, böyüyür və yaraya çevrilir. Ona qarayara deyilməsinin səbəbi orta hissəsinin kömür kimi qara rəngdə olması ilə əlaqəlidir. Bu nahiyə nekroz sahəsi olduğu üçün ağrı müşahidə olunmur. Yaranın qıraqlarında isə qırmızı, eritematoz, ödemli forma olur, yəni şişkin, bir qədər qabarıq olur".
İnfeksionist qeyd edib ki, daxili orqanlarda qarayaraya nadirən rast gəlinir:
"Ağciyər, bağırsaqlarda bunlar daha təhlükəli hesab olunur. Qarayaraya yoluxan insanlar əsasən xəstəxana şəraitində müalicə almalıdırlar. Hansı heyvandan yoluxubsa, tez bir zamanda həmin heyvan tapılmalı, həmin ocaqda ehtiyac olarsa, sanitar-epidemioloji tədbirlər görülməlidir ki, artıq yeni yoluxma halları qeydə alınmasın".
Mərdan Əliyev bildirib ki, bu xəstəlik insandan insana keçmədiyi üçün karantin rejiminin tətbiqinə ehtiyac yoxdur.