"İxtisas seçimi abituriyentin qəbul prosesində bəlkə də ən məsuliyyətli mərhələlərdən biridir. Çünki burada söhbət yalnız hansı universitetə qəbul olmaqdan getmir, gəncin gələcəkdə hansı sahədə özünü görmək istədiyi ilə bağlı qərardan gedir".
Bu fikirləri Sitat.info-ya Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova ixtisas seçimi haqqında danışarkən bildirdi.
O abituriyentlərə ilk növbədə bir şeyi tövsiyə etdi:
"Yalnız ötən ilin keçid ballarına və ya “haraya balım çatırsa, oranı yazım” düşüncəsinə əsaslanmasınlar. Keçid balı hər il dəyişə bilər. Ona görə seçim siyahısı hazırlanarkən həm real qəbul imkanları, həm şəxsi maraq və bacarıqlar, həm də seçilən ixtisasın gələcək perspektivi birlikdə nəzərə alınmalıdır. Bəzən valideynlərin arzusu, ətrafdakı insanların məsləhəti və ya həmin dövrdə dəbdə olan ixtisaslar abituriyentin seçiminə çox ciddi təsir edir. Amma məncə ən vacib sual budur: “Mən bu sahədə illərlə oxumağa və sonra işləməyə hazırammı?” Sadəcə adı prestijli səslənən ixtisas seçmək düzgün yanaşma deyil. İnsan öz xarakterinə, maraqlarına və güclü tərəflərinə uyğun sahədə daha uğurlu olur. Digər tərəfdən, universitetin özünü də araşdırmaq vacibdir. Tədris proqramı necədir, həmin ixtisas üzrə hansı imkanlar yaradılır, tələbələr üçün təcrübə proqramları, xarici əlaqələr, mübadilə və əmək bazarı ilə əməkdaşlıq imkanları varmı, bunlara baxmaq lazımdır. Eyni adlı ixtisas müxtəlif universitetlərdə tamamilə fərqli imkanlar verə bilər.
Seçim sıralamasına da çox diqqətlə yanaşmaq lazımdır. Abituriyent həqiqətən oxumaq istədiyi ixtisasları ön sıralarda yazmalıdır. Sadəcə “birdən qəbul olaram” deyə heç vaxt oxumaq istəmədiyi bir ixtisası siyahıya əlavə etmək sonradan peşmanlıq yarada bilər. Ən əsası isə abituriyentlər bu günlərdə özlərini həddindən artıq stresə salmasınlar. Bu seçim vacibdir, amma insanın bütün həyatını bir neçə sətirlik ixtisas siyahısı müəyyən etmir. Müasir dünyada insanlar bir sahədə təhsil alıb sonradan başqa istiqamətdə inkişaf edə, əlavə bacarıqlar qazana və karyerasını dəyişə bilirlər. Sadəcə bu mərhələdə mümkün qədər məlumatlı, düşünülmüş və öz istəklərinə uyğun qərar vermək lazımdır. Mən bütün abituriyentlərimizə arzulayıram ki, nəticədə sadəcə qəbul olduqları deyil, həqiqətən həvəslə oxuyacaqları ixtisasın tələbəsi olsunlar".