KTN də Samuxdakı hadisə ilə bağlı açıqlama yaydı

16:40 13 Avqust 2026

Kənd Təsərrüfatı Nazirliyi Samux  rayonu Alıuşağı kəndində baş vermiş hadisə ilə bağlı açıqlama yayıb.

Sitat.info sözügedən açıqlamanı təqdim edir:

“Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə daxil olmuş məlumat əsasında Samux rayonunun Alıuşağı kəndində yerləşən heyvandarlıq təsərrüfatında qarayara xəstəliyinə şübhə yaradan hadisə ilə əlaqədar Gəncə şəhər və Samux rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri (HSBX) idarələrinin əməkdaşları tərəfindən təsərrüfatda ilkin epizootoloji araşdırma və baytarlıq tədbirləri həyata keçirilib.

Hadisə yerində təsərrüfatdakı heyvanlara klinik baxış keçirilib, termometriya aparılıb. Ərazi və heyvanların saxlanıldığı sahələrdə dezinfeksiya tədbirləri görülüb, giriş hissəsində dezinfeksiya baryeri hazırlanaraq müvafiq dezinfeksiyaedici məhlulla təmin edilib.

Eyni zamanda, xəstəliyin mümkün yayılma riskinin qarşısının alınması məqsədilə təsərrüfat ərazisinə heyvan və nəqliyyat vasitələrinin giriş-çıxışı məhdudlaşdırılıb.

Hazırda təsərrüfatda saxlanılan 3 baş iribuynuzlu heyvanda bədən temperaturunun yüksəlməsi müşahidə edilib, həmin heyvanlara baytarlıq mütəxəssisləri tərəfindən zəruri müalicə tədbirləri aparılıb. Bununla yanaşı, hazırkı mərhələdə canlı heyvanlardan laborator müayinə üçün nümunələr götürülməyib. Laborator müayinə məqsədilə məcburi kəsilmiş heyvanın ətindən və hadisə yerindən torpaq nümunələri götürülüb. Bu səbəbdən təsərrüfatda saxlanılan canlı heyvanlarda müşahidə olunan klinik vəziyyətin qarayara xəstəliyi ilə əlaqəli olduğu hazırda laborator müayinələrlə təsdiqlənməyib. Xəstəliyin mövcudluğu və epizootoloji vəziyyət barədə yekun qiymətləndirmə müvafiq laborator müayinələrin nəticələri və sonrakı klinik müşahidələr əsasında təsdiq oluna bilər. 

Təsərrüfatda epizootik vəziyyət nəzarətdə saxlanılır, heyvanların klinik vəziyyətinin müşahidəsi və zəruri baytarlıq-sanitariya tədbirləri davam etdirilir.

Qeyd edək ki, Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi ilə xidməti müqavilə əsasında fəaliyyət göstərən baytarlıq mütəxəssisləri tərəfindən Gəncə şəhəri və ətraf ərazilərdə, həmçinin Samux rayonu ərazisində  xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı profilaktik tədbirlər həyata keçirilir. 2026-cı ilin birinci yarısında dabaq, qarayara, infeksion nodulyar dermatit, xırdabuynuzlu heyvanların çiçəyi, quduzluq və digər xəstəliklərə qarşı planlı peyvəndləmə tədbirləri aparılıb”.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi də birgə məlumat yayıb.



Xəbər xətti