Formula-1 və Beynəlxalq Avtomobil Federasiyası (FIA) Ümumdünya Avtoidman Şurasının təsdiqindən sonra 2027-ci il Formula-1 Dünya Çempionatının təqvimini açıqlayıb.
Bakı Şəhər Halqasından Sitat.info-ya verilən məlumata görə, Azərbaycan Qran-prisi 24–26 sentyabr tarixlərində baş tutacaq.
2027-ci il mövsümü martın 12–14-də keçiriləcək Bəhreyn Qran-prisi ilə başlayacaq. Dünya çempionatının sonuncu yarışı isə dekabrın 10–12-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində baş tutacaq.
Çempionat 22 ölkədə keçirilərək 24 mərhələdən ibarət olacaq. 2027-ci ildə sprint yarışlarının sayı 6-dan 10-a çatdırılacaq. Mövsümün ilk rəsmi mövsümöncəsi testləri isə fevralın 24–27-də Bəhreyndəki “Sahir” trasında baş tutacaq.
“2027-ci il FIA Formula-1 Dünya Çempionatının təqvimi idmanımızın qlobal miqyasda artan populyarlığını və davamlı inkişafını aydın şəkildə nümayiş etdirir. Beş qitədə 24 Qran-prinin keçirilməsi, Portuqaliya və Türkiyənin təqvimə qayıtması, eləcə də sprint yarışları proqramının genişləndirilməsi ən yüksək idman standartlarını qorumaqla ənənələri, yenilikləri və azarkeş marağını bir araya gətirir.
Formula-1 rəhbərliyinə, promouterlərə, milli idman federasiyalarına, FIA-nın rəsmilərinə və könüllülərinə, eləcə də bütün tərəfdaşlarımıza əməkdaşlığa və göstərdikləri səylərə görə təşəkkür edirəm. Birgə fəaliyyətimizlə FIA Formula-1 Dünya Çempionatını daha da gücləndirməyə və həm iştirakçılar, həm də dünyanın hər yerindəki azarkeşlər üçün möhtəşəm mövsüm keçirməyə davam edirik”, - deyə FIA-nın prezidenti Məhəmməd ben Sulayem bildirib.
Formula-1-in prezidenti və baş icraçı direktoru Stefano Domenikali qeyd edib ki, 2027-ci il təqvimi dünyanın ən məşhur traslarından və ən dinamik şəhərlərindən bəzilərini bir araya gətirərək Formula-1-in daha bir unudulmaz mövsümü üçün möhtəşəm səhnə yaradır: "Portuqaliya və Türkiyənin çempionata qayıtmasından, eləcə də sprint yarışlarının sayının 10-a çatdırılmasından məmnunuq. Bu, azarkeşlərə Formula-1-i bu qədər xüsusi edən daha gərgin mübarizə, dramatik anlar və təkər-təkərə duellər vəd edir.
Formula-1 bütün dünyada inkişafını davam etdirir və yeni auditoriyalar qazanır. Dünyanın hər yerindən azarkeşlərimizə təşəkkür edirəm - gördüyümüz hər bir işin arxasında məhz onların bu idmana olan sevgisi dayanır. Həmçinin, FIA prezidenti Məhəmməd ben Sulayemə və FIA-ya, komandalarımıza və pilotlarımıza, promouterlərə, tərəfdaşlara, sponsorlara və yarışlara ev sahibliyi edən şəhərlərə davamlı dəstəklərinə və əməkdaşlıqlarına görə təşəkkür edirəm. Hər bir Qran-prinin keçirilməsini mümkün edən könüllülərin, marşalların və rəsmilərin fədakar əməyini də xüsusi qeyd etmək istərdim”.
Beləliklə, 2026 və 2027-ci illərdə Azərbaycan Qran-prisi eyni tarixlərdə - 24–26 sentyabrda keçiriləcək.