Bu zabitlərin hərbi rütbədə olma müddəti azaldılır
Sitat.info xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi xidmətkeçmə haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, Silahlı Qüvvələrin və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumların) sifarişi əsasında ali təhsil müəssisələrinin magistratura (rezidentura) səviyyəsini müvəffəqiyyətlə bitirmiş, habelə doktoranturada (adyunkturada) təhsilini başa vuraraq müvafiq elmi dərəcə almış zabitlərin hərbi rütbədə olma müddəti ali təhsilin göstərilən səviyyələrinin hər biri üzrə bir dəfə olmaqla 1 il azaldılır.
Leytenant hərbi rütbəsində olma müddəti təhsil müddəti 5 il olan hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrini bitirmiş hərbi qulluqçular üçün – 2 il (aviasiyanın uçuş heyətində və sualtı gəmilərdə xidmət edən hərbi qulluqçular üçün – 1 il), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi digər hallarda – 1 il müəyyən edilir.
Qeyd edilib ki, Silahlı Qüvvələrin və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının sifarişi əsasında magistratura (rezidentura) səviyyəsini bitirmiş, habelə doktoranturada (adyunkturada) təhsilini başa vuraraq müvafiq elmi dərəcə almış zabitlərin hərbi rütbədə olma müddətinin ali təhsilin hər bir göstərilən səviyyəsi üzrə bir dəfə olmaqla 1 il azaldılması nəzərdə tutulur.(Globalinfo.az)