Əliyevlə Zelenski Dublində görüşdü - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev İrlandiyanın Baş naziri Mixol Martinin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə toplantısında iştirak etmək üçün İrlandiyada səfərdədir.
Sitat.info xəbər verir ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Dublində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
Ukrayna Prezidenti dövlət başçısını Zəfər Günü və 12 noyabr - Konstitusiya Günü münasibətilə təbrik edib.
Görüşdə Prezident Volodimir Zelenskinin Azərbaycana səfəri və səfər zamanı aparılmış müzakirələr məmnunluqla xatırlanıb.
Ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin, eyni zamanda, özəl sektorun xətti ilə iqtisadi əlaqələrin inkişaf perspektivləri müzakirə olundu, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri məsələsi barədə fikir mübadiləsi aparılıb.
Prezident Volodimir Zelenski Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımlara, xüsusilə elektrik avadanlıqlarının təchizatı məsələsində dəstəyə görə təşəkkürünü bildirib.
Söhbət zamanı Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda postmünaqişə şəraitində apardığı bərpa və quruculuq işlərinin Ukrayna tərəfindən də böyük maraqla izlənildiyi qeyd olundu, bu xüsusda ölkəmizin təcrübəsinin Ukrayna üçün də əhəmiyyətli olacağı bildirilib.
Görüşdə Azərbaycan və Ukrayna prezidentləri qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
