Divarlara şer yazan kirayəşin məhkəməlik oldu - VİDEO
Türkiyənin İstanbul şəhərində kirayəçinin evdən çıxarkən divarlara, qapılara, pəncərələrə və hətta məişət avadanlıqlarına sevgi şeirləri yazması gündəm olub.
Sitat.info Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə İstanbulun Böyükçəkməcə rayonunda qeydə alınıb.
İki il ərzində kirayədə yaşayan şəxs mənzili tərk etməzdən əvvəl evin demək olar ki, hər yerinə sevgi şeirləri və ayrılıq sözləri yazıb. Məlumata görə, kirayəçi doqquz ay ərzində kirayə haqqını ödəməyib. Bundan sonra ev sahibi onun mənzildən çıxarılması üçün hüquqi prosedura başlayıb.
Məhkəmə və icra prosesindən sonra kirayəçi evi boşaldıb. Mənzilin vəziyyətini yoxlamağa gələn ev sahibinin vəkili gördükləri qarşısında təəccüblənib. Belə ki, evin divarları, tavanı, qapı və pəncərələri, mətbəx dolabları, istilik radiatorları və kombi sevgi şeirləri ilə doldurulub.
Ev sahibinin vəkili Əli Salman Altınbilək bildirib ki, mənzilə ciddi ziyan dəyib və bununla bağlı hüquqi tədbirlər görülür. Vəkilin sözlərinə görə, kirayəçinin psixoloji vəziyyətinin yaxşı olmadığı onun yazdığı ifadələrdən də hiss olunurdu.
O, kirayəçinin əmlaka ziyan vurması və etibardan sui-istifadə etməsi ilə bağlı hüquqi prosesin davam etdiyini açıqlayıb.
Bildirilib ki, dəymiş ziyanın dəqiq məbləği hələ müəyyənləşdirilməyib. Ev sahibi ödənilməmiş doqquz aylıq kirayə haqqının, digər borcların və mənzilə vurulmuş ziyanın qarşılanmasını tələb edir.