Putinin əsəblərini pozan suallar: Qərb liderləri onu rahat buraxmır...

17:24 13 Fevral 2022

"Qərb liderləri Kreml sahibi Vladimir Putinə qarşı maraqlı taktika seçiblər. Onu “əsəb müharibəsinə” sürükləyiblər".

Politoloq Elxan Şahinoğlu SİTAT.İNFO-ya açıqlamasında bu sözləri deyib.

Onun sözlərinə görə, kəşfiyyat məlumatlarına əsaslanan Qərb liderləri Rusiya prezidentinin Ukraynaya hücum əməliyyatına hazırlaşması təlimatını verdiyini özləri üçün müəyyənləşdiriblər: "Ancaq Putin hələ hücum əmrini verməyib. Bundan istifadə edən Qərb liderləri hər gün Putinin beynini məşğul edirlər. Fransa prezidenti Emmanuel Makron gedir Moskvaya Putinlə 5 saatdan çox müzakirə aparır, Parisə geri qayıdır, yenidən telefonla 2 saat danışır. Bunun ardınca Putinə ABŞ prezidenti Co Bayden zəng edir və Kreml sahibi ilə bir neçə saat danışırlar".

E.Şahinoğlu vurğuladı ki, bütün bunların iki məqsədi var: "Birinci məqsəd Putinin hücum əmri verəcəyi halda nələrlə üzləşəcəyini ona birbaşa anlatmaq, ikinci məqsəd mümkün qədər onu geri addım atmağa vadar etməkdir. Putin hələ ki, dirənir. Ancaq üzərinə təkbaşına o qədər böyük yük götürüb ki, “necə edim”, “etməsəm nə olacaq”, “edərsəm hansı təhlükələrlə üzləşəcəm” kimi suallar onun rahatlığını pozmaq iqtidarındadır".

SİTAT,İNFO



Xəbər xətti