"Əvvəllər də qeyd etdiyimiz kimi müasir dövrdə geosiyasi mübarizə əsasən kommunikasiyalara, dəhlizlərə və limanlara nəzarət uğrunda gedir. Burada da əsas hədəflərdən biri və bəlkə də birincisi Avrasiya məkanının əsas nəqliyyat-kommunikasiya qurşağı olan Şərq-Qərb dəhlizinə nəzarəti ələ keçirməkdir".
SİTAT.İNFO xəbər verir ki, bu sözləri politoloq Ərəstun Oruclu dilə gətirib.
O, vurğulayıb ki, bu, bölgənin iki əsas qütbü, başqa sözlərlə istehsalçısı və istehlak bazarı olan Avropa Birliyi ilə Asiya ölkələri arasındakı daşımalara nəzarət etmək deməkdir. Xatırladım ki, 2020-ci ildə bu qütblər arasındakı ticarət dövriyyəsi təxminən 1, 3 trilyon dollar təşkil edib. Bu isə qlobal ixracatın (16,9 trilyon) təxminən 8% deməkdir.
Avrasiya məkanında gedən geosiyası mübarizənin əsas xüsusiyyətlərindən biri də geosiyasi proseslərdə iştirak edən tərəflərin təkcə keçən əsrin ikinci yarısında olduğu kimi SSRİ və ABŞ, son 30 ildə olduğu kimi əsasən ABŞ olmamasıdır. Qlobal maraqlar uğrunda gedən bugünkü mübarizədə Çin də var".
Politoloqun fikrincə, situasiyanın mürəkkəbliyi bununla da bitmir: "SSRİ dağıldıqdan sonra təxminən 30 ilə yaxın birqütblü qalan dünyada maraqlar uğrunda gedən mübarizələr düzənsizlik yaratdı. Bu səbəbdən də əsas supergüc ABŞ təkbaşına yeni dünya düzənini formalaşdıra bilmədi. Sanki dünyada bir düzənsizlik dövrü başladı.
Bu vəziyyəti amerikalı diplomat Riçard Haas özünün "Düzənsiz dünya" kitabında belə təsvir edir: "Artıq düzənli zamanlar deyil. Bu da o deməkdir ki, düzənsiz dünyada düzənli xarici siyasət yürütmək asan olmayacaq."
Bugünkü düzənsizliyin səbəblərini 2009-cu ildə ABŞ-da hakimiyyətə gələn Barak Obamanın multipolyar xarici siyasət doktrinasında axtarmaq nə dərəcədə əsaslıdır? Bu sual ətrafında mübahisə etmək olar əlbəttə, amma başlıca səbəb şübhəsiz ki, sosialist düşərgənin dağılması nəticəsində ikiqütblü dünya modelinin tarixə qovuşması idi".
Ə.Oruclu vurğuladı ki, bu həm də İkinci Dünya Müharibəsindən sonra qurulmuş qlobal təhlükəsizlik sisteminin əhəmiyyətli dərəcədə zəifləməsi demək idi: "Nəticə dünyanın müxtəlif bölgələrində geosiyasi boşluqların yaranması oldu ki, onları da qlobal siyasətə can atan regional güclər doldurmağa başladı.
Əvvəllər SSRİ ilə Qərb arasında rəqabət meydanı olan Avrasiya bölgəsində artıq təkcə Rusiya, Çin kimi böyük güclər deyil, həm də Fransa, Türkiyə və İran kimi regional güclər də öz maraq dairələrini müəyənləşdirməyə başladılar. Bu isə təkcə yeni rəqabət formatları deyil, həm də yeni potensial münaqişə ocaqları deməkdir.
SSRİ-nin kollapsından sonra iki onilliyə time-out götürən Rusiyanın bu mübarizədəki ilkin hədəfləri aşağıdakılardan ibarət idi:
- öz patronajı altında postsovet məkanı əhatə edən yeni Avrasiya təhlükəsizlik sistemi qurmaq - KTMT;
- həmin formatda vahid iqtisadi məkanı - Avrasiya İqtisadi Birliyini yaratmaq;
Yalnız bu halda Rusiya Avrasiya bölgəsində yerləşən və qlobal əhəmiyyətə malik olan Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinə nəzarət etmək iqtidarında ola bilərdi. Amma hər iki bənd üzrə çoxsaylı ziddiyyətlərin ortaya çıxması həmin məqsədə çatmağa imkan vermədi.
SSRİ dövründə qardaş respublikalar olan indiki müstəqil dövlətləri birləşdirə biləcək ortaq maraqlar onları ayıranlardan xeyli az idi. Belə ki, iqtisadiyyatı əsasən enerji daşıyıcıları ixracı üzərində qurulmuş 5 ölkə bu səbəbdən daha çox bir-birinə rəqib sayılırdı. Digər bir səbəb isə postsovet dövrünün ərazi mübahisələri oldu.
Həmin səbəblərdən də Rusiyanın postsovet ölkələrə yönəlik siyasəti getdikcə daha çox sərt gücün rolunun artmasına yönəlməyə başladı. İstər hərbi bazaları və nəzarətində olan etnik-ərazi münaqişələri, istərsə də birbaşa hərbi müdaxilələr bu günədək Rusiyanın öz hədəflərinə çatmasını tam təmin edə bilmir".
Politoloq hesab edir ki, proses davam edir və indiki mərhələdə Rusiya əsasən dəniz yollarına və mühüm limanlara nəzarəti ələ keçirməyə çalışır ki, bu məqsədlə də həm "yumşaq", həm də "sərt" gücdən istifadə etməkdədir: "Məsələn, "Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanın imzalanmasına (12.08.2018) Rusiya daha çox siyasi-diplomak yolla nail oldu.
Amma bunun ardnca xəzəryanı dövlətlərin hərbi dəniz donanmalarının (ilk növbədə Azərbaycanın) dağıdılmasına start verildi ki, bu da Rusiyanın Xəzərdəki mütləq dominantlığının təmin olunması üçün vacib idi. Təxminən 40 gün əvvəl baş tutan Qazaxıstana hərbi müdaxilə də ozünü dəniz məsələlərində göstərməkdədir.
Xatırladım ki, Qazaxıstana yeridilən Rusiya qoşunlarının bir hissəsi (Yaxın Şərq dəniz piyadaları korpusu) məhz Aktau limanını nəzarətə götürmüşdü. Təəccüblü deyil ki, hərbi müdaxilədən 1 ay keçməmiş Aktau yaxınlığında yeni gəmi təmiri zavodunun tikilməsi qərara alınıb. Zavodda il ərzində 10 gəmini təmir etmək, həmçinin bir gəmi qurmaq nəzərdə tutulur".
Ə.Oruclu vurğuladı ki, Rusiyanın Xəzər-Qara dəniz strategiyası bununla bitməyəcək: "Belə görünür ki, Qazaxıstanın ardınca hədəfdə digər iki xəzəryanı ölkə - Azərbaycan və Türkmənistan olacaq. Türkmənistana nəzarət həm də "sözəbaxmaz" Özbəkistanı 3 tərəfdən əhatəyə almaq olardı. Qırğızıstan və Tacikistan isə Rusiya hərbi bazalarının artıq mövcud olduğu ölkələrdir.
Rusiyanın dənizlərə nəzarət strategiyasının mühüm bir elementi də vaxtilə Krımın Ukraynadan güclə alınması və ilhaq edilməsidir. Amma Qara dəniz bölgəsində məsələ bununla məhdudlaşmır. Rusiya Azov dənizindən Qara dənizə keçidi təmin edən Kerç boğazında keçidi süni şəkildə məhdudlaşdıraraq Ukrayna gəmiçiliyinin hərəkətinə maneələr yaradır.
Qara dənizlə bağlı digər bir problem illərdir ətrafında müxtəlif qaranlıq proseslər gedən Gürcüstanın dərinsulu Anakliya limanının tikintisidir. Gürcüstanın TBC Holdingin və ABŞ-ın Conti International şirkətinin iştirakı ilə yaradılmış konsorsium illərdir limanın tikintisinə başlaya bilmir.
Xatırladım ki, Anakliya limanının tikintisi ölkənin iqtisadi prioritetlərindən biri kimi Gürcüstan Konstitusiyasına daxil edilib.
Amma hətta Türkmənistanın Türkmənbaşı Beynəlxalq Limanına və Gürcüstanın Anakliya Poti limanlarına nəzarəti ələ ala biləcəyi halda da bu, Rusiyanın cənib dənizlərə nəzarət strategiyasını təmin etmir, çünki...
Çünki bütün bu, dəniz yolları infrastrukturuna tam nəzarət üçün Rusiya öz təsirini Azərbaycanın limanlarına da yaymalıdır. Elə bu amil də Azərbaycanı günü-gündən daha da aqressivləşən Rusiyanın hədəfinə gətirir.
P.S.: Dünən DTX-nin Müdafiə Nazirliyinin bir neçə maliyyə qurumu nümayəndəsini saxlaması barədə xəbər yayıldı. Xatırladım ki, xəbərdə adı keçən və 1 mln. 800 min manat mənimsəmədə ittiham olunan Əlizadə Vüsal Ədalət oğlu Hərbi Dəniz Qüvvələri maliyyə idarəsinin rəisidir.
Hərbi Dəniz Qüvvələrinin necə dağıdılması haqda dəfələrlə yazmışam və danışmışam. Ümid edirəm, indi həmin sabotajın da araşdırılmasına qərar verilər, çünki ölkənin HDQ-nin dağıdılması xaricdən sifariş olunmuş və Azərbaycanın Xəzərdəki mövqelərini sarsıtmağa xidmət etmiş dövlətə xəyanət aktıdır. Xəyanət isə cəzasız qalmamlıdır!"