"Uşaqlar valideynlərinin ümidinə buraxılmamalıdır" - Tural Abbaslı azyaşlıların sosial problemlərindən danışdı

11:27 14 Fevral 2022

Dünyada və eləcə də ölkədə yaşanan iqtisadi böhrandan ən çox əziyyət çəkən sosial təbəqə uşaqlardır. Ailələrin gəlirlərinin azalması uşaqların həyat səviyyəsinə də mənfi təsir edir. 

Bundan çıxış yolu nədir?Mövzu ilə bağlı SİTAT.İNFO-ya danışan Ağ Partiya sədri Tural Abbaslı bildirdi ki, bizim iqtidar hər zaman sosialyönümlü siyasət yürütdüyünü bildirir, ancaq son zamanlar görünən budur ki, hökumət qətiyyən bu istiqamətdə iş görmür: "Kommunal xərclərin qiyməti qaldırılır, insanların təhsilə, səhiyyəyə  əlçatımlığı azalır. Bütün dövlət rüsumlarının qiyməti qaldırıldı. Gündəlik tələbat məhsulları bahalaşdı. Doğrudur, bahalaşmanı pandemiya və dünya bazarı ilə əlaqələndirirlər. Ancaq dünya bazarı ilə əlaqəsi olmayan məsələlər də var. Məsələn, dövlət  rüsumlarının, cərimələrin dünyaya nə aidiyyatı var ki, indiki halda onu qaldırırlar.

Bütün bunların fonunda ən zəif və həssas kəsim uşaqlardır. Uşaqlar valideynlərinin və ailələrinin ümidinə buraxılmamalıdır. Onlar sırf birbaşa dövlətin himayəsində olmalıdırlar. Birbaşa tətbiq olunan xüsusi proqramlar  qəbul olunmalıdır ki, uşaqların sağlam və təhsilli böyüsün. Onların  cəmiyyətə qazandırılması üçün dövlətin konkret proqramları olmalıdır. Amma dövlət nəinki bu addımı atır, əvvəldən qalan limitləri, imtiyazları belə ləğv edib.  Məsələn ictimai nəqliyyatdan pulsuz istifadə yaşı 5 yaşa endirilir, uşaq pulu verilmir, çoxuşaqlı ailələrə hansısa güzəştlər nəzərdə tutulmur. Kommunal xərclərdə uşaqların sayı nəzərə alınmır. Bu həm ümumilikdə doğulan uşaqların sayının azalmasına səbəb olur, həm də artıq ailələrdə olan uşaqların sağlam və elmli şəkildə böyüyüb cəmiyyətə qatılmasına mane  olur". 

T.Abbaslı vurğuladı ki, hakimiyyət bu istiqamətdə  proqram  qəbul etməlidir: "Velosipedi yenidən kəşf etməyə də ehtiyac yoxdur. Digər inkişaf etmiş ölkələrin nümunələrini götürmək lazımdır. Uşaqların sosial təminatı ciddi və ayrıca müzakirə mövzusu olmalıdır.  Bizdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi var, amma təəssüf ki, onlar heç bir faydalı işlə məşğul olmurlar. Ona  görə də, aztəminatlı ailələrin uşaqları indi əlacsız vəziyyətdədir.

Bu təkcə uşaqpulu ilə həll olunmur. Proqram çoxşaxəli olmalıdır. Bu istiqamətdə cəhdlər olmalı, təkliflər verilməlidir. Kifayət qədər nümunələr var, təki siyasi iradə və istək olsun".

SİTAT.İNFO



Xəbər xətti