Qurbanqulu bəy ancaq oğluna güvənə bilər: Türkmənbaşıdan Qazaxıstan ssenarisini pozacaq addım...

14:23 14 Fevral 2022

Türkmənistanda martın 12-də keçiriləcək növbədənkənar prezident seçkisi üçün seçki kampaniyasına start verilib. Türkmənistanın Seçki Məcəlləsinə uyğun olaraq, namizəd irəli sürmək hüququ seçkinin təyin edildiyi günə qədər qeydə alınmış siyasi partiyalara, vətəndaş qruplarına məxsusdur. Siyasi partiyalar öz qurultaylarında prezidentliyə namizədlər irəli sürürlər.

Bediməhəmmədov seçkilərə qatılacaq?

Hazırda Türkmənistanda üç siyasi partiya var: Bunlar hakim Türkmənistan Demokratik Partiyası, Türkmənistan Aqrar Partiyası və Türkmənistan Sənayeçilər və Sahibkarlar Partiyasıdır. 2017-ci ildəki seçkilərdə prezident vəzifəsinə 9 namizəd qeydə alınmışdı. Onlardan ikisi Türkmənistan Sənayeçilər və Sahibkarlar Partiyası üzvü üzvü, "Rısqal" aksioner-kommersiya bankının idarə heyətinin sədri Bekmırat Atalıyev və Türkmənistan Aqrar Partiyanın Marı vilayət komitəsinin sədri Durdıqılıç Oraz Türkmənistanın tarixində ilk dəfə olaraq, siyasi partiyalar tərəfindən namizədliyi irəli sürülmüşdü. Mümükündür ki, bu dəfəki seçkilərdə də müxalifət partiyalarının namizədləri həmin şəxslər olsun.

Hakim Türkmənistan Demokratik Partiyasının namizədi bu il prezident Qurbanqulu Berdiməhəmmədov olmayacaq. Belə ki, fevralın 11-də parlamentin yuxarı palatasında – Xalq Məsləhətində çıxışı zamanı dövlətin idarə edilməsində gənc liderlərə yer verməyin vaxtının çatdığını bildirib.

Q.Berdiməhəmmədov böyük həyat və siyasi təcrübəsini nəzərə alaraq, parlamentin yuxarı palatasında - Xalq Məsləhətində sədr kimi fəaliyyətini davam etdirmək istədiyini bəyan edib.

Berdiməhəmmədov varisinin yerini möhkəmlətmək istəyir!

2006-cı ildən bəri Türkmənistanı idarə edən 64 yaşlı Qurbanqulu Berdiməhəmmədovun prezidentlik müddətinin bitməsinə hələ iki il var. Aydın məsələdir ki, o gənc nəsil deyərək əslində ailə üzvlərindən biri, daha dəqiq oğlu Sərdar Berdiməhəmmədovu nəzərdə tutur. Prinsip etibarilə Türkmənistan Ali Nəzarət Palatasının başçısı, Dövlət Təhlükəsizlik Şurasının üzvü olan 40 yaşlı Sərdar Berdiməhəmmədov hazırda Türkmənistanda faktiki 2-ci şəxs sayılır.

Bundan başqa Sərdar Berdiməhəmmədov hələ keçən il baş nazirin müavini vəzifəsinə seçilib. O, indiyə qədər diplomat, millət vəkili, nazir və vilayət qubernatoru kimi postlarda da çalışıb.

Ölkə qanunvericiliyinə görə, Sərdar Berdiməhəmmədov yeni prezident seçilə bilər. Belə ki, Türkmənistanda doğulmuş, yaşı 40-dan aşağı olmayan, dövlət dilini bilən, son 15 il ərzində Türkmənistanda daimi yaşayan və işləyən Türkmənistan vətəndaşı prezident seçilə bilər.

Berdiməhəmmədov Nazarbayevin aqibəti ilə üzləşə bilərmi?

Təbii ki, Berdiməhəmmədovun prezident postunu oğlu Sərdar verib parlamentin yuxarı palatasında - Xalq Məsləhətində sədr kimi fəaliyyətini davam etdirməsi istər-istəməz onun da sonunun Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevlə eyni ola biləcəyi ehtimallarını yaradır.

Qurbanqulu Berdiməhəmmədov əslində elə Qazaxıstan ssenarisindən qorxub bu addımı atır. Buna görə də hələ gücü yerindəykən varisini möhkəmlətmək istəyir.

Bu həm də türkmən xalqının başını qatmaq üçün atılan bir addımdır. Yeni prezident türkmən xaqlı üçün yeni ümid kimidir. Prinsip etibarilə Şimali Koreyadan sonra dünyanın ikinci totalitar ölkəsi olan Türkmənistan xalqı üçün alternativ yalnız mövcud iqtidarın yeni namizədi ola bilər. Ciddi bir müxalifətin olmadığı Türkmənistanda xalqın yeni prezidentə etimadı böyükdür. Bununla belə Qurbanqulu Berdiməhəmmədovun aqibətinin Nazarbayevlə eyni olması onun Kremlə qarşı atacağı addımlardan asılı olacaq.

Turan Rzayev

SİTAT.İNFO



Xəbər xətti