Döyüşlərdə yaranan Daxili Qoşunlar - ANALİZ

16:36 16 Fevral 2022

 

Daxili İşlər Nazirliyinin Daxili Qoşunları 12 mart 1992-ci ildə cəmiyyətimizin və dövlətimizin mənafeyini, vətəndaşlarımızın Konstitusiya hüquqlarını və azadlıqlarını cinayət və digər hüquqa zidd fəaliyyətlərdən qorumaq məqsədilə  yaradılıb. Minlərlə hərbi qulluqçuların xidmət etdiyi Daxili Qoşunlarımız yarandığı ilk günlərdən 1994-cü ildə atəşkəs elan olunana qədər Ağdərə, Ağdam və Füzuli uğrunda döyüşlərdə aktiv iştirak edib. 1992-1994-cü ildə Ağdamda yerləşən Daxili Qoşun alayının komandanlığı ilə sıx qarşılıqlı münasibətlərim də olub. Hamının Qubalı Məmməd kimi tanıdığı hərbi hissə komandiri ilə döyüşlərin təhlili və erməni silhlılarının gələcək fəaliyyətlərinin proqnozlaşdırılması barədə çox müzakirələrimiz olub. 1-ci Qarabağ Müharibəsində Daxili Qoşunların şəxsi heyəti arasında 680 nəfər şəhid olub, 5 nəfər hələ də itkin hesab olunur, 1177 nəfər isə yaralanaraq sağlamlığını itirmişdir. 8-i ölümündən sonra olmaqla 9 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 

 

Vətən Müharibəsində Daxili Qoşun faktoru

Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə müharibənin başlamasından bir neçə saat sonra əks hücum əməliyyatlarına cəlb edilən Daxili Qoşunların şəxsi heyəti Ermənistan ordusu təslim olana qədər aktiv fəaliyyətlərini uğurla davam etdiriblər. Silahlı Qüvvələrimizin tərkibində döyüş vəzifələrini yerinə yetirən Daxili Qoşunlarımızın xüsusi təyinatlı dəstələri (XTD) müharibə zamanı xüsusilə fərqləniblər.

Vətən Müharibəsində isə Murovdağ yüksəklikləri ilə bərabər Cəbrayıl, Hadrut, Füzuli və Şuşanın düşməndən azad edilməsində Daxili Qoşunlarımızın şəxsi heyəti xüsusi şücaət göstəriblər.  44 günlük müharibə ərzində Daxili Qoşunların 66 hərbçisi şəhid olub,  346 nəfəri isə yaralanıb. 1-i ölümündən sonra olmaqla 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb. 

 

Qarabağın azad edilməsində xüsusi təyinatlı dəstələrin rolu

 

Vətən Müharibəsində Silahlı Qüvvələrin üzərinə düşən ən çətin və mürəkkəb vəzifələri xüsusi təyinatlı bölmələrin yerinə yetirdiyi məlumdur. Bu Daxili Qoşunların xüsusi təyinatlı dəstələrinə də birbaşa aiddir.

Vətən müharibəsinin ilk saatlarında Murovdağ istiqamətində olan əlverişli mövqelərin, o cümlədən Murov zirvəsi işğaldan azad edilməsində “Pələng” və “Şahin” xüsusi təyinatlı dəstələri xüsusi şücaət göstərib. Dəstənin 7 hərbi qulluqçusu Murovdağ döyüşlərində şəhid olub.

Müharibənin ilk günlərindən “Bəbir”, “Əqrəb” və “Kobra” xüsusi təyinatlı dəstələri həm Cəbrayıl, həm də Füzuli istiqamətlərində, “Gürzə” yalnız Füzuli, “Pələng” isə yalnız Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə qəhrəmanlıqla iştirak edib. 

Cəbrayılın azadlığı uğrunda gedən döyüşlər zamanı şəxsi heyətin 13 hərbi qulluqçusu, o cümlədən “Əqrəb” xüsusi təyinatlı dəstəsinin qrup komandiri Türay Hüseynli şəhid oldu. Cəbrayıl şəhərinin işğaldan azad edilməsi əməliyyatının rəhbərlərindən olan “Əqrəb” XTD komandiri, mayor Ələsgər Muxtarov Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən “Qarabağ” ordeni ilə təltif edilib. 

Füzuli rayonu istiqamətində Daxili Qoşunların “Bəbir”, “Əqrəb”, “Gürzə” və “Kobra” XTD-ləri qarşılarına qoyulan vəzifələri tam həcmdə yerinə yetirib. Döyüşlərdə 13 hərbi qulluqçu, o cümlədən “Bəbir” xüsusi təyinatlı dəstəsinin komandiri, mayor Şixamir Qaflanov şəhid olub. O, ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Vətən Müharibəsi Qəhrəmanı adı ilə təltif edilib. Həmçinin Füzuli şəhərinin işğaldan azad edilməsində xidmətlərinə görə “Gürzə” xüsusi təyinatlı dəstəsinin komandiri Cavid Tağıyev Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən “Qarabağ” ordeni ilə təltif edilib.

Daxili Qoşunların “Yarasa” və “Vaşaq” xüsusi təyinatlı dəstələri isə təhlükəsizliyin təmin edilməsi məqsədilə digər mühüm vəzifələri icra ediblər. 9 xüsusi təyinatlı dəstənin hər birinin şəxsi heyəti peşəkar gizir və zabitlərdən ibarətdir. Dəstələr vahid “Kommando” adı altında birləşdirilib. Xüsusi çalara malik kamufulyaj geyim forması daşıyan Daxili Qoşun xüsusi təyinatlılarını digərlərindən qırmızı beret, fərqlənmə nişanı və şevron fərqləndirir. 

 

Daxili Qoşunlar beynəlxalq müstəvidə

 

Daxili Qoşunların Baş İdarəsi ilə Türkiyə Cümhuriyyəti Jandarma Baş Komandanlığı arasında qarşılıqlı əməkdaşlıq mövcuddur. Təlim-tədris prosesində təcrübə mübadiləsi müsbət nəticələr verir. Daxili Qoşunların zabit və gizirləri Türkiyənin nüfuzlu ali hərbi məktəblərində təhsil alıblar, ABŞ, Almaniya, Çin Xalq Respublikası, Sloveniya, İtaliya, Fransa, İsrail və başqa ölkələrdə kurslardan keçiblər, müxtəlif beynəlxalq təlimlərdə iştirak ediblər. NATO, ATƏT, BQXK və digər beynəlxalq təşkilatların xətti ilə keçirilən seminar və kurslar çərçivəsində əməkdaşlıq davam edir. 

Daxili Qoşunların NATO üzvü olan ölkələrin jandarma təşkilatlarının strukturlarına uyğunlaşdırılması məqsədilə ştat-struktur dəyişiklikləri artıq başa çatıb. Qoşunların hərbi məktəbində müdavimlərə NATO, BMT, sülhməramlı əməliyyatlar, antiterror fəaliyyətləri, kiberterrorizmlə mübarizə, Avropa Birliyi, insan haqları mövzusunda dərslər keçirilir. 

 

Döyüş hazırlığı

 

Təlimlərin müasir standartlar səviyyəsinə uyğunlaşdırılması, hərbi qulluqçuların döyüş hazırlığını, bilik və peşəkar səviyyələrinin yüksəldilməsi məqsədilə qoşunların təlim-tədris mərkəzləri müasir avadanlıqla, tədris vəsaitləri ilə təmin olunub. Daxili Qoşunların hərbi qulluqçuları müxtəlif xarici ölkələrdə ingilis dili, insan hüquqları, ixtisas hazırlığı, komando və bölmələrin qarşısında qoyulmuş digər tapşırıqların icrası üzrə zəruri olan təlim kurslarında təhsil alıb.

Qoşunların təchizatında əsasən Azərbaycan, Türkiyə, İsrail, ABŞ, Almaniya və Rusiyada istehsal olunmuş müasir silah, sursat və texnikalarından  istifadə olunur. Onların istismar qaydalarının öyrənilməsi üzrə Döyüş Hazırlığı Planına uyğun olaraq praktiki təlimlər və döyüş atışları keçirilir.

 

Daxili Qoşunlar Qarabağ və Zəngəzurda xidmət edir

 

Hazırda Daxili Qoşunların tərkibinə daxil olan 14 hərbi hissəsinin şəxsi heyəti, Silahlı Qüvvələrin digər strukturları ilə bərabər Naxçıvan da daxil olmaqla Azərbaycanın müxtəlif rayonlarında, o cümlədən azad edilən Qarabağ və Şərqi Zəngəzur ərazilərində vəzifə borclarını şərəflə yerinə yetirirlər. Azad edilən ərazilərə səfərlərim zamanı Daxili Qoşunların şəxsi heyətinin ordu və polis heyəti ilə bərabər vəzifələrini icra etdiyini müşahidə olunur. 

Daxili İşlər Nazirliyinin rəhbərliyi şəxsi heyətinin məişət şəraitinə xüsusi həssaslıqla yanaşır. Naxçıvan da daxil olmaqla, ölkəmizdəki Daxili Qoşunlara aid bütün hərbi hissələr müasir standartlara uyğun olaraq təmir edilib və ya yenidən inşa edilib.  

 

15-ci şəhərçikdə “Otokar” məhsulu

 

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 15-ci hərbi şəhərciyi Ağcabədi rayonunda inşa edilib. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev fevralın 13-də hərbi şəhərciyin açılışında iştirak edib. 3 il ərzində 6.2 hektar ərazidə şəxsi heyətin xidmət, məişət, sıra və döyüş hazırlığı səviyyəsinin daha da yüksəldilməsi üçün qərargah, 3 əsgər kazarması, zabitlər üçün beşmərtəbəli və ikimərtəbəli 84 mənzilli 2 yataqxana, 2 yeməkxana, tibb, qarovul, texniki nəzarət-buraxılış məntəqələri və digər köməkçi binalar inşa olunub. Ərazidə idman şəhərciyi yaradılıb. Yeni binalar zəruri mühəndis-kommunikasiya, o cümlədən elektrik və su təchizatı, havalandırma, yanğın-siqnalizasiya, rabitə-informasiya və videomüşahidə sistemləri ilə təchiz edilib. Binalar zəruri mebel və inventarla təmin edilib, ehtiyat elektrik təchizatı mənbəyi olaraq generator və stabilizator qurğuları quraşdırılıb. Şəhərciyin daxilində və ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılıb. Şəhərcikdə xidmətin yüksək səviyyədə təşkili üçün bütün zəruri şərait yaradılıb.

Ali Baş Komandan İlham Əliyev Daxili Qoşunların xüsusi təyinatlıları üçün nəzərdə tutulan silah-sursata və hərbi texnikaya baxışı zamanı bir neçə yenilik diqqətimizi cəlb etdi. Bu açılışda biz “Cobra II” zirehli personal daşıyıcısını (ZPD) və “Grey Wolf” markalı avtomatik tüfənglərin Daxili Qoşunlarınn silahlanmasına qəbul edildiyini müşahidə etdik. Ali Baş Komandana əvvəlki səfərlərinin birində “Corner Shot” silahının təqdim edildiyini izləmişdik. Bu silah barədə növbəti məqalələrimizn birində toxunacam. Bu məqalədə isə Türkiyənin “Otokar” şirkətinin “Cobra II” ZPD-ləri barədə oxuculara geniş məlumat veriləcək. 

 

Baza versiyası

 

“Cobra” maşınlarının istehsalına 1998-ci ildə başlanılıb. “Otokar” şirkətiinin ilk baza versiyası olan “Cobra” maşınları avtomatik sürətlər qutusuna, müstəqil asqıya, şinlərin təzyiqini nizamlama sisteminə və turbodizel mühərrikə malikdir. ABŞ-ın HMMWV şassisi üzərində qurulan çoxməqsədli üzən zirehli vasitələr ilkin versiyada 6 nəfərlik heyətin daşınması üçün nəzərdə tutulurdu. 

 

Cobra II

 

İlk dəfə keçən il İstanbulda keçirilən IDEF-21 Beynəlxalq Müdafiə Sənayesi Sərgizində ictimaiyyətə nümayiş etdirilən “Cobra II” maşınları zirehli taktiki personal daşıyıcıları sinifinə aiddir. 

“Cobra II” sələfi kimi 4x4 təkər formulasına malik olsa da,  ilk versiyadan əsasən daha güclü mühərrik, üstün qorunma, fərqli dizayn və daha çox sayda heyətin daşımaq üçün geniş daxili həcmi ilə seçilir.

 

İstehsalçı

 

Türkiyənin quru sistemlər istehsalçısı olan “Otokar” şirkəti , “Koç Group” şirkətlər qrupuna daxildir. Hazırda “Otokar”ın təxminən 35 minə yaxın hərbi maşınları NATO ölkələri də daxil olmaqla 35-dən çox ölkədə 55-dən çox istifadəçiyə xidmət göstərir. Onlardan biri də Azərbaycan Daxili İşlər Nazirliyinin Daxil Qoşunlarıdır. “Otokar” şirkətinin zirehli vasitələri NATO və BMT qüvvələri tərəfindən aktiv istismar edilir. Şirkət “Cobra” ailəsi ilə bərabər, APV, “Defender”, “Akrep”, “Ural”. “Kaya”, “Kale”, “Arma” və “Yavuz kimi zirehli vasitələri bir neçə versiyada istehsal edir.  

 

İmkanları və təchizatı

 

Ballistik, mina və kustar partlayıcı maddə təhdidlərinə qarşı üstün qorunması sayəsində yüksək səviyyədə təhlükəsizlik təmin edən tam ötürücülü “Cobra II” daşıyıcıları, ən çətin ərazi və iqlim şəraitində yüksək texniki xüsusiyyətlər nümayiş etdirir. 

Minaya qarşı zirehə malik yeni “Cobra” taktiki zirehli maşınları 10 əsgəri 700 km-ə qədər məsafəyə daşımaqla bərabər, damında müxtəlif döyüş modullarına və beş qapılı korpusa malik personal daşıyıcısı funksiyalarını yerinə yetirən zirehli vasitə kimi də istismar edilə bilər. Sifarişçiyə seçim üçün 281 və ya 360 at gücündə “Cummins” dizel mühərrikləri təklif olunur. Standart avadanlıqlar dəstinə altı pilləli avtomatik sürətlər qutusu, tam kilidlənən diferensial, müstəqil yaylı asqı, diskli əyləc, ABS, şinlərin mərkəzi doldurma sistemi, videokameralar, kondisioner və s. daxildir. 

Geniş silah dəstinin inteqrasiyası “Cobra II” maşınlarından daxili təhlükəsizlik, sərhəd mühafizəsi, döyüş və ya sülhməramlı əməliyyatlar kimi bir çox vəzifələri yerinə yetirilməsinə imkan yaradır.  

 

Versiyaları

 

“Cobra II” maşınlarından personal daşıyıcı, MRAP, silah platforması, quruda müşahidə RLS-i, kəşfiyyat patrul maşını, komanda-idarəetmə vasitəsi və təcili yardım maşını versiyasında istehsal edilə kimi fəaliyyətləri icra edə bilər. “Cobra II” açıq arxitekturaya malikdir və sifarişlə həm üzən, həm müxtəlif vəzifələrə uyğun fərqli silahlarla və ya bütün versiyalarda dartma (vinç) qurğusu ilə istehsal edilə bilər. 5 qapılı konfiqurasiyada "Cobra II" ekipaj daxil olmaqla 11 nəfərdən, 3 qapılı konfiqurasiyada isə eyni şərtlər daxilində 9 nəfərdən ibarət şəxsi heyəti daşıya bilir. 

 

Silahlanması

 

Minaya qarşı zirehlənməyə malik vasitənin damında 7.62 mm və ya 12.7 mm-lik pulemyot, 20 və ya 25 mm-lik top, 30 mm-lik avtomatik qumbaraatan və ya “Spike” tipli tank əleyhinə idarəolunan raket kompleksi yerləşdirilə bilər. Tuşlayıcının əsas silahı məsafədən, yəni maşının üstündəki silahı, vasitənin daxilindən idarə etməsi üçün sifariş əsasında əlavə avadanlıqla təchizatı da mümkündür. 

 

İstifadəçiləri

 

“Cobra” maşınlarının ilk versiyada Azərbaycan təhlükəsizlik qüvvələrinin silahlanmasında istifadə olunması daha əvvəldən məlum idi, lakin “Cobra II”-nin Azərbaycana ixracı ilə bağlı əvvəllər heç bir məlumat mövcud deyildi.

 

Hazırda “Cobra” zirehli vasitələrindən Türkiyə, Azərbaycan, BMT, Əlcəzayir, Gürcüstan, Pakistan, Qazaxıstan, Kosova, Malayziya, Maldiv adası, Nigeriya, Sloveniya, Peru, Mavritaniya, Şimali Makedoniya, Monteneqro, Ruanda, Birləşmiş Ərəb Əmirlikləri, Bangladeş və Bahreyn aktiv istifadə edir. Banqladeşin və Pakistanın sifarişləri yerinə yetirilir. “Cobra”nın standart versiyasının təxminən 200.000 ABŞ dollarından ucuz olmadığı ehtimal olunur. Bu rəqəm konfiqurasiyaya görə dəyişə bilər. Ümumilikdə, indiyə qədər 15 ölkə üçün 3000-dən çox “Cobra” istehsal edilıb.

 

Döyüş tətbiqi

 

“Cobra” zirehli vasitələrininin ilk versiyasından Vətən müharibəsində istifadə etmişik. Bundan başqa Əfqanıstanda, Pakistanda, Gürcüstanda, Suriyada, Nigeriyada və Burkino Fasoda aparılan döyüş əməliyyatlarında “Cobra”-dan istifadə edilib, bəzi ərazilərdə bu davam edir. 

 

Taktiki texniki xüsusiyyətləri 

 

Heyəti: 

-3 qapılı versiyada 9 nəfər (1 sürücü, 1 komandir, 1 atıcı, 6 əsgər)

- 5 qapılı versiyada 11 nəfər (1 sürücü, 1 komandir, 1 atıcı, 6 əsgər)

Çəkisi: 13500 kq (tam ziehli MRAP versiyasında 18000 kq)

Uzunluğu: 6,4 metr

Eni: 2,5 metr

Hündürlüyü: 2,3 metr

Yerin hündürlüyü: 0,4 metr

Mühərrik:  281 və ya 360 at gücünə malik turbodizel

Maksimum sürət: 110 km/saat

Suda sürəti: 8 km/saat

Aşılan maneələrin maksimum hündürlüyü: 1 metr

Maksimum yana əyilmə: 30%

Maksimum yoxuşa dırmanma: 60%

Aşılan şaquli maneə hündürlüyü: 0,5 metr

Aşılan xəndək eni: 1 metr

Ehtiyat məsafə: 700 km

Aparıcı təkər sayı: 4 ədəd

Ekipaj 3 nəfər.

 

Nəticə

 

Daxili Qoşunlar həm sülh, həm də müharibə dövründə komandanlıq tərəfərindən qarşısına qoyulan vəzifələri daim yüksək peşəkarlıqla yerinə yetiriblər. Ali Baş Komandanın diqqəti sayəsində Daxili Qoşunların maddi-texniki bazası, kazarma-yaşayış fondunun yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, hərbi hissələr ən yüksək beynəlxalq standartlara uyğun olan texnika, xüsusi vasitələr və rabitə sistemləri ilə təchiz edilib. Bu gün Daxili Qoşunlara göstərilən dövlət qayğısı özünü istər peşəkar kadr hazırlığının və döyüş qabiliyyətinin yüksəldilməsində, istər maddi-texniki bazanın möhkəmləndirilməsində, istərsə də yeni hərbi hissələrin açılışında daha qabarıq şəkildə göstərir. Təsadüfi deyil ki, Ali Baş Komandan Daxili Qoşunları mütəmadi olaraq ziyarət edir, Bakının Nərimanov, Ağdam, Ağcabədi, Ağstafa, Bərdə, Quba, Hacıqabul, İsmayıllı və Qəbələ rayonlarında inşa edilən hərbi şəhərciklərin açılışında şəxsən iştirak edir və şəxsi heyət üçün yaradılan şəraitlə tanış olur və tövsiyələrini verir. Daxili Qoşunların yeni silah, texnika və avadanlıqlar ilə təchizatı da döyüş hazırlığının yüksək səviyyədə saxlanılması istiqamətində atılan addımlardır.   

 

Daxili Qoşunların müasir tələblərə cavab verən bir güc strukturudur, burada  xidmət edən heyətin bilik və bacarıqlarının artırılması, təlim-tədris işinin müasir standartlara uyğunlaşdırılması dövlətimizin və xalqımızın milli maraqlarına tam uyğundur. İndiyə qədər olduğu kimi, bundan sonra da Daxili Qoşunların digər güc strukturları ilə birlikdə Azərbaycanın bütün ərazisində təhlükəsizliyin təmin edilməsində və ictimai asayişin qorunmasında üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yerinə yetirəcəyinə tam əminəm.

 

Ədalət Verdiyev, hərbi ekspert



Xəbər xətti