Qubad İbadoğlu bahalaşmanın qarşısını almağın real yollarını göstərdi - Hökumətə 3 təklif

13:43 25 Yanvar 2022

"Dövlət rəqabəti dəstəkləməzsə istehsalçı və onun da ardınca istehlakçı qiymətləri sabitləşməyəcək". Sitat.info xəbər verir ki, bu fikri iqtisadçı alim Qubad İbadoğlu açıqlayıb. O vurğulayıb ki, İlham Əliyev 31 may 2005-ci il "Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanını imzalayıb. Fərmanın 4.9-ci maddəsində Nazirlər Kabinetinə tapşırıb ki, Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. Rəqabət Məcəlləsi 2009-cu ildən parlamentə göndərilib, o vaxtdan 13 il keçsə də indiyə qədər qəbul olunmayıb.  Dövlət rəqabəti dəstəkləməzsə istehsalçı və onun da ardınca istehlakçı qiymətləri sabitləşməyəcək. Odur ki, hökümətdən yeni hazırlayacağı antiinflyasiya tədbirlərindən ciddi gözləntilərim yoxdur".

Bazar iqtisadiyyatının təməl prinsiplərindən biri sərbəst qiymə tqoymadır, sağlam rəqabət olmayan yerdə bu mümkün deyil. Nə qədər iqtisadiyyatda inhisarçılıq var, bir o qədər də istehlak bazarında bahalaşma olacaq. Çünki, inhisarçılar rəqabət şəraitində formalaşacaq qiymətdən daha yuxarı qiymət müəyyənləşdirməklə inflyasiyaya artırıcı təsir göstərirlər. Odur ki, yalandan hökümət də bahalaşmanın qarşını almağa çalışır görüntüsü yaradıb, xalqı aldatmaqdansa prezident 3 məsələni həll etsin.

1. Parlamentə deyin Rəqabət Məcəlləsini qəbul etsin.

2. Anti-inhisar xidmətini İqtisadiyyat Nazirliyindən ayrılıb, gerçəkdən müstəqil quruma çevirin.

3. Məhkəmələri müstəqillik verin, qanunun aliliyini təmin edin.

Bunların heç biri olmayacaqsa, qiymətlər də bahalaşacaq və ondan da bəhrələnən bazarda hökmran mövqedə olan inhisarçı şirkətlər olacaq. Beləliklə də bahalaşma böyük əksəriyyəti daha da yoxsullaşdıracaq, kiçik varlı qrupu ifrat dərəcədə zənginləşdirəcək".

Sitat.info



Xəbər xətti