"Ermənistan prezidentinin istefası Azərbaycan üçün müsbət haldır" Rusiyalı politoloq

13:54 25 Yanvar 2022

“Ermənistan Prezidenti Armen Sarkisyan Baş nazir Nikol Paşinyanın hazırladığı planın məsuliyyətini daşımamaq üçün özü vəzifədən gedib”.

Sitat.info xəbər verir ki, bunu “Report”un Rusiya bürosuna politoloq, Rusiya Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov bildirib.

“Görünür, həmin plan Azərbaycan və Türkiyə ilə münasibətlərin əsaslı şəkildə yaxşılaşdırılması üçündür. Bu istefa Azərbaycan üçün müsbət haldır. Çox güman ki, Paşinyan barışığa getmək fikrindədir. Sarkisyanın istefasını bir növ Azərbaycanın qələbəsi hesab etmək olar”, - o deyib.

Politoloq qeyd edib ki, Ermənistan Prezidentinin ötən bazar günü istefa verməsi çox gözlənilməz olub: "Armen Sarkisyanın istefa verməsinin başqa mümkün səbəbi Nikol Paşinyanın hakimiyyəti öz əllərində cəmləşdirmək üçün Rusiya Prezidenti Vladimir Putinin razılığını alması ola bilər. Qazaxıstanda sabitliyi bərpa etmək üçün Prezident Tokayevin köməyinə gələn KTMT sülhməramlıları məsələsində Paşinyanın məqbul davranışından sonra Rusiya Prezidenti razılığını verib”.

S.Markov vurğulayıb ki, Ermənistan Baş naziri haqqında amerikapərəst siyasətçi olması, KTMT-nin əməliyyatına xələl gətirəcəyi ilə bağlı Rusiya dairələrində şübhələr vardı: “Qazaxıstanda qanlı iğtişaşlar başlamazdan bir neçə gün əvvəl təsadüf nəticəsində məhz Ermənistanın KTMT sədri olduğu üçün Paşinyan üzərində daha çox məsuliyyət düşmüşdü. Belə ki, KTMT Şurasının rəhbərliyinə məhz Nikol Paşinyan gəldi, KTMT-nin bu hərbi əməliyyatının təşəbbüsünü o irəli sürdü”.

Rusiyalı politoloq Nikol Paşinyanın Qazaxıstanla bağlı Moskvanın diqtəsini çox dəqiq yerinə yetirdiyini irəli sürüb: “Məhz ona görə də bağışlanaraq hakimiyyəti cəmləşdirmək, hətta ölkə Prezidenti vəzifəsinə özünə daha sadiq olan şəxsi gətirmək üçün icazə aldı”.



Xəbər xətti