" XXI əsrdə, Avropanın az qala göbəyində üçüncü dünya müharibəsinin başlanmasına inanmıram ki, kimsə icazə versin. Görünən odur ki, Amerika və Avropa Rusiyanı aqressor kimi, vəhşi bir ölkə kimi təqdim edərək ona bu və ya digər formada təzyiq rıçaqları əldə etmək istəyir".
Bu sözləri Ağ Partiya başqanı Tural Abbaslı Sitat.info-ya açıqlamasında deyib.
Onun fikrincə, bütün bu hadisələr, istər NATO qoşunlarının oraya yerləşdirilməsi, istərsə də səfirliklərin işçilərinin tələsik şəkildə Kiyevdən çıxarılması Rusiyanı dünya ictimaiyyətinin nəzərində bir təcavüzkar obrazda göstərmək, mümkün qədər əlavə sanksiyalara beynəlxalq dəstək qazanmaqdır: "Rusiya da anlayır ki, indiki məqamda Ukraynaya hücum onun həm iqtisadi, həm də siyasi baxımdan xeyli geriyə sala bilər. Rusiya Belarusiyanı da yanına alaraq, bütün Avropaya və Amerikaya qarşı çıxa biləcək gücdə olmadığının da fərqindədir" .
T. Abbaslının sözlərinə görə, Rusiyanın hücuma hazırlaşması ilə bağlı ictimai rəy yaradılıb: "Zelenski də bugünkü bəyanatında dedi ki, təhlükə yoxdur, o, hamını sakitliyə çağırdı. Səfirliklərdən işçilərin çıxarılması da isterik addımlardır, dediyim piara xidmət edir. Lap Rusiya ilə Ukrayna müharibə etsə, neçə gündən sonra Rusiya gəlib Kiyevdə oturacaq və səfirlik işçilərinə təhdid yaradacaq ki, bu cür tələsik çıxıb gedirlər. Bunlar hamısı ictimai rəyə hesablanmış addımlardır. Çünki Almaniya hələ də Rusiya ilə bağlı tərəddüddədir. Avropanın enerji təminatında Rusiyanın payı hələ də böyükdür. Bu bir qədər inandırıcı deyil. Bu daha çox mövqe savaşıdır, Ukrayna təəssüf ki, Qərbin və Amerikanın öz maraqları üçün istifadə etdiyi növbəti ölkələrdən biridir. Təbii ki, hər şey zamandan asılıdır".
Partiya sədri vurğuladı ki, gözlənilən hadisələr olarsa, Azərbaycan hər zamankı kimi Ukraynanın yanında durmağı bacarmalıdır, nəinki Rusiyanın: " Çünki biz də Rusiyanın təcavüzkar siyasətindən əziyyət çəkən ölkələrdən biriyik" .