Məlum olduğu ki, ötən ilin sonunda postmüharibə dövründə Ermənistanla mövcud problemlərin həlli, sərhədlərin delimitasiya və demarkasiyası, dəhliz məsələsinin həlli, eləcə də sülh anlaşmasının ortaya qoyulması istiqamətində proseslər bir qədər sürətləndi. Ardıcıl olaraq Rusiya, Azərbaycan, Ermənistan liderləri arasında görüşlər keçirildi, bəyanatlar imzalandı. Lakin bu il proses səngiyib. Azərbaycan ictimaiyyətinin də diqqəti öncə Qazaxıstan hadisələrinə, hazırda isə Rusiya-Ukrayna münaqişəsinə yönəlib. Bəs, Qarabağla bağlı proseslər niyə ləngiyir?
Məsələ ilə bağlı “Sitat.info”-ya danışan politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, yaxın vaaxtlarda hər hansı yenilik gözləmir: “Paşinyan son günlər qulağa xoş gələn açıqlamalar verir ki, guya Azərbaycanla sülh sazişi imzalanmalıdır, sərhədlər müəyyənləşməlidir. Ancaq bu istiqamətdə heç bir addımn atmır. Bu açıqlamalar sadəcə Rusiyaya və Qərbə yönəlib. Yəni görürsünüz, mən bu məsələlərin həllinə nə qədər hazıram”.
Politoloq vurğuladı ki, biz 3 istiqamətdə irəliləyiş gözləyirdik, ancaq həllini görmürük: “Dəhliz məsələsi, kommunikasiya xətləri, sərhədlərin müəyyənləşməsi və sülh sazişinin imzalanması... Bu 3 istiqamətdə addımlar atılmır. Hazırda gördüyümüz yeganə addım Ermənistanın Türkiyə ilə dialoqa başlamasıdır. Sərhəddə nisbətən sakitlikdir, atəşkəs pozulmur. Ancaq problemli məsələlər həll olunmur”.
E.Şahinoğlunun sözlərinə görə, indi Ermənistanın daxilində qarışıqlıq yaranıb və bu danışıqları bir qədər də ləngidəcək: “Prezidentləri istefa verdi və bu müddətdə başları özlərinə qarışacaq. Yeni prezidentin seçilməsi hətta 3 turda aparıla bilər. Bu müddətdə bizimlə olan məsələlərin həllində ciddi bir irəliləyiş gözləmirəm”.
Sitat.info