"Ukraynanın da, Gürcüstanın da başına gələn bəlaların səbəbi...": Hərbi ekspert Ədalət Verdiyev

16:45 26 Yanvar 2022

"Azərbaycanla Ermənistan arasındakı münaqişədə Rusiyanın rolunu Ukrayna ilə Rusiya arasında olan münasibətlərlə paralelləşdirmək mümkün deyil. Burada Rusiyanın rolu üçtərəfli bəyanatın şərtlərində öz əksini tapıb". Bu sözləri hərbi ekspert Ədalət Verdiyev Sitat.info-ya açıqlamasında səsləndirib.

Onun sözlərinə görə,  5 ilin sonunda tərəflərdən biri Rusiya sülhməramlılarının iştirakını vacib hesab etməzsə, Rusiya sülhməramlıları ərazini tərk etməyə məcburdurlar: "Əgər ərazini tərk etməkdən imtina edərlərsə və Azərbaycan beynəlxalq ictimaiyyətə təqdim edərsə, bu Rusiyanın öhdəliklərini yerinə yetirməsi deməkdir və ona qarşı təzyiqlərin artması ilə nəticələnə bilər".

Ə.Verdiyev vurğulayıb ki, Ukrayna ilə bağlı məsələdə Rusiyanın istəyi ondan ibarətdir ki, NATO ilə arasında özünə bəlli bir bufer zona yaratsın: "Bu Rusiyanın əsas niyyətidir. Əgər nə zamansa Rusiya ilə NATO arasında hərbi münaqişə baş verərsə, Rusiya bu münaqişəni öz ərazisində deyil, onunla NATO arasında yerləşən bir ölkə ərazisində aparsın. Ermənistanı Rusiya öz orbitində saxlamaqla Türkiyə ilə nə zamansa ola biləcək münaqişəni Ermənistan ərazisində həyata keçirmək istəyir. Eyni ilə də bu Orta Asiya ölkələrinə də aiddir. Rusiyanın niyyəti bundan ibarətdir. O öz sərhədlərində NATO-nu görmək istəmir. Ukaynanın başına gələn bu bəlaların səbəbi, bu ölkənin NATO-ya meyllənməsidir. Eynilə də Gürcüstanın...".  

Hərbi eksperrtin fikrincə, burada görünən odur ki, Qərb birbaşa döyüş aparmağı hədəfləməsə də, ən azı Rusiyanı cilovlamağa, onu çox ağır sanksiyalarla üz -üzə qoymaqla onu İranın vəziyyətinə salmaq istəyir: "Bu da Rusiya üçün yaxşı heç nə vəd eləmir. Ya Rusiya geri addım atıb bu niyyətdən əl çəkməlidir, ya da Qərbin ağır sanksiyaları ilə üz-üzə qalmalıdır. Reallıqda isə Ukraynanın şərqində olan mövcud hərbi-siyasi vəziyyət hər an partlamağa hazır olan barıt çəlləyini xatırladır. Fevralın 20-dən sonra əməliyyatlara başlanması ehtimal olunsa da, Rusiyanın hər hansı ehtiuyatsız hərəkəti eskalasiyanın daha erkən baş verməsinə səbəb ola bilər".

SİTAT.İNFO



Xəbər xətti