“Maddi-mədəni irsi qorumağa borclu olan UNESCO Yeliseyin xarici siyasət silahına çevrilib”.
Sitat.info xəbərinə görə, bunu Sosial Tədqiqatlar Mərkəzi (STM) İdarə Heyətinin sədri Zahid Oruc “Qərbi Azərbaycana Qayıdış: Tarixi torpaqlarda maddi-mədəni irsimiz” kitabının təqdimatında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Ermənistanda yox, Qarabağda maddi-mədəni irsi peyk görüntüsü ilə müəyyənləşdirən Fransa mədəniyyət naziri bəyan edir ki, ermənilərə məxsus 5200 obyekti müəyyənləşdiriblər: “Göründüyü kimi, Zəfərimizin Xankəndi zirvəsindən sonra xristian irsini qorumaq adı altında Azərbaycana xarici müdaxiləni beynəlxalq gündəmdə saxlamağa çalışırlar. Yeri gəlmişkən, nazir Annalena Berbok 3 gün əvvəl İrəvana səfərdə bəyan edib ki, Almaniya Ermənistanın təhlükəsizliyini təmin etməyə hazırdır. Təsəvvür edirsiniz, düz 105 il əvvəl də ingilis orduları İrəvana gəlmişdi. Nəticəsi sizə bəllidir. Tarix təkrar olunur. Bir vaxtlar vahid səngərdə erməni-rus-azərbaycanlı-faşizmə qarşı savaşanlar indi erməni-alman orduları ilə üzə-üzə qalacaqlar”.
Z.Oruc vurğulayıb ki, ən mühüm vəzifə təkcə elitanı deyil, hər bir azərbaycanlını böyük tarixi ideallara hazırlamaqdır: “Son 200 ildə ən azı 7 dəfə fərdi və milli sərvətlərimiz yağmalanıb. Lakin indi yaşadığımız regionda son 30 ildə azərbaycanlılar ermənilərdən iqtisadi baxımından daha varlı və nüfuzludur. Erməni diasporu ən zəngin kapitalla Rusiyada 1-ci, Argentinada 2-cidir. Fransa siyasi kapital hesab edilir. Lakin Azərbaycan dövləti heç zaman indiki qədər Ermənistandan güclü olmayıb”.
“Göyçə Qərbi Azərbaycanın Şuşasıdır. Qarabağ konflikti İrəvandan başlandı, orada da bitəcək. Berlin divarının çökdüyü kimi, Bakı və İrəvanın mədəni, mənəvi, iqtisadi, ticarət bağları bərpa olunacaq, beyinlərə çəkilən sədd aradan qalxacaq. O üzdən fikir adamlarımız Bakı və İrəvanı düşmən termin kimi işlətməsələr, siyasi mübarizəmizə daha böyük töhfə olar. Xankəndində məskunlaşmış erməni əhalinin geri qayıtması üçün Azərbaycan dövlətinin rəsmi müraciətini istəyən Nikol Paşinyan qərbi azərbaycanlıları İrəvana, Göyçəyə qayıtmağa çağırmağa hazırdırmı? Nəhayət, sonda dünya düzəni, daha doğrusu xaosu fonunda Azərbaycanın yaratdığı yeni regional geosiyasi reallıq sülhə daha çox zəmanət verir. Canlı yayımla izlənən Qəzza savaşına BMT, ATƏT, Avropa Birliyi, Avropa Parlamentinin seyrçi qalması, qərarsız toplantıları beynəlxalq təhlükəsizlik sisteminin iflasını göstərir. Tarixdə ilk dəfədir, Azərbaycan taleyini özü həll edir. Biz Göyçəyə Qarabağdan qayıdacağıq. İrəvana gedən yollar işğaldan azaddır”, - STM sədri əlavə edib.