Ukraynanın müharibədə üstünlük əldə etdiyi məqamlar - Qabil Hüseynlinin şərhi

13:55 5 Aprel 2024

Ukrayna tərəfi Rusiyanın əsasən neftayırma  zavodlarını vurur. Bu zərbələrdən sonra Rusiyanın neft istehsalı təxminən 40 faiz azalıb. İndi Ukrayna yeni bir taktika seçib.

"Ukrayna son vaxtlar Rusiyanın elektrik şəbəkələrini qidalandıran stansiyalara PUA hücumları təşkil edir. Bir çox şəhərlərin elektrik təchizatı sisteminə  zərbə vurulub. Rusiyanın bir çox şəhərlərində hazırda elektrik enerjisi yoxdur. Bu da əhali arasında panika yaradır. Onlar Ukrayna dronlarından qorxurlar".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib. 

O bildirib ki, Rusiya tərəfindən Ukrayna PUA-larının vurulması və zərərsizləşdirilməsi ilə bağlı məlumatlar yayılsa da, bu inandırıcı deyil: "Çünki Ukraynanın Böyük Britaniyanın dəstəyi ilə istehsal etdiyi dronlar ən yüksək hündürlükdə uçur, onları aşkarlamaq və vurmaq çətindir. Onların hərəkət sürəti də üstündür. Doğrudur zərbə anında sürətini azaldır və aşağı edir. Bu dronların bir çoxu kaminkadzelərdir və müəyyən edilmiş obyektin üzərində özlərini partladırlar. Bu dronların daşıdığı partlayıcı maddə 500 kq-dır. Onların raket sistemləri də var. Rusiya bu dronları məhv edə bilmir, bu dronlar kaminkadze kimi özlərini partladıb obyektləri sıradan çıxarıblar".

Q.Hüseynlinin fikrincə, Ukraynanın üstünlüyü odur ki, bu dronların istehsalı ölkə ərazisində həyata keçirilir: " Bir sıra köhnə zavodlar işə salınır, orada həm dron, həm mərmi, həm də artilleriya qurğuları istehsal olunur. Sovet dövründə SSRİ-nin bütün ballistik raketləri indiki Donetsk şəhərində istehsal olunurdu, indi ora xaraba qalıb. Nüvə raketləri isə Luqansk şəhərində istehsal olunurdu. O prosesdə iştirak edən elm adamları və işçilər yaşlı olsalar da hazırda Ukraynada yaşayırlar və belə bir təcrübə var". 

Politoloq hazırda Rusiyada ciddi narazılığın olduğunu da dilə gətirdi: "Rusiyada hazırda hərbi səfərbərlik məsələsi də narazılıq yaradıb və hamısı həvəssizdir. Onlar ilk döyüşdəcə sıradan çıxarılırlar".

Məğrur,

Sitat.info

 



Xəbər xətti