Baxçalının mesajından bir gün sonra terakt – Nə baş verir?

08:59 24 Oktyabr 2024

"Ankarada Türk Aviasiya və Kosmik Sənaye Şirkətində törədilmiş terror aktını PKK-nın törətdiyi Türkiyə müdafiə naziri təsdiqlədi. Maraqlıdır ki, bundan bir gün əvvəl MHP lideri Dövlət Baxçalı qrup toplantısındakı çıxışında PKK lideri Abullah Öcalanın əfvinə işarə edən nitq söyləmişdi. Türkiyə hakimiyyəti PKK-çıların tərk-silah olunması qarşılığında 25 il həbsdə yatan 75 yaşlı Öcalanın sərbəst buraxılmasını istisna etmir. Ancaq terror aksiyasi məsələnin bu qədər sadə həll olunmayacağını göstərir".

Sitat.info xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu türkiyədə ötən gün baş verən terakt haqda qeyd edib.

“PKK-nın içində fərqli qüvvələr heç də tərk-silah olunmaq marağında deyillər. PKK-nın Qəndil dağındakı lideri Cəmil Bayık müsahibələrinin birində Abdullah Öcalanın “silahı yerə qoyun” əmrini avtomatik yerinə yetirməyəcəklərini belə izah etmişdi: “Abdullah Öcalan Türkiyə hökumətinin girovluğu altındadır”. Cəmil Bayık bununla demək istəmişdi ki, Öcalan həbsdən azad olunmaq üçün Türkiyə hökuməti ilə razılığa gələrsə, bu, PKK-nın həmin razılığa uyğun olaraq tərk-silaha əməl edəcəyi anlamına gəlməyəcək”, - politoloq bildirib.

O vurğulayıb ki, Türkiyədə son terror hadisəsini xarici qüvvələrlə əlaqələndirənlər də var və bu zaman Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın BRİKS toplantısında iştirak etmək məqsəsilə Kazan şəhərinə səfərinə işarə edirlər:

“Ankarada terror hadisəsi baş verərkən Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşə hazırlaşırdı. Yəni Türkiyədəki bəzi siyasi və ekspert dairələrinin fikrincə, Qərbdə (oxu: ABŞ-da) Türkiyənin BRİKS-ə, o cümlədən Şanxay Əməkdaşlıq Təşkiatına üzvlük istəyindən narahatlıq keçən qüvvələr var və bu qüvvələr PKK-çılar son terror aksiyasi vasitəsilə Ərdoğana xəbərdarlıq mesajı göndəriblər”.

Seymur,

Sitat.info



Xəbər xətti