Daha bankda növbə gözləməyəcəksiniz! Məsafədən kreditləşmə bu imkanları yaradacaq...

19:04 24 Oktyabr 2024

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə məsafədən kreditləşmənin tənzimlənməsini planlaşdırır. Məlum olduğu kimi, hazırda əksər banklar kredit verilən zaman birbaşa müraciəti əsas götürürlər. Bu zaman şəxsin bilgiləri analiz edilir, ödəmə qabiliyyəti müəyyənləşdirilir. Dövlətdən hər hansı pensiya və ya müavinət almayan vətəndaşların rəsmi iş yerinin olması mütləq şərt kimi götürülür. Bəs məsafədən kreditləşmə zamanı hansı yeniliklər tətbiq olunacaq və bu bank sektoruna, eləcə də vətəndaşlara nə vəd edir?

Sitat.info-nun bu mövzuda suallarını cavablandıran iqtisadçı alim, deputat Vüqar Bayramov bildirib ki, bütövlükdə kreditləşmədə şəffaflığın artırılması eyni zamanda ödəmə qabiliyyətinin məsafədə yoxlanılması prioritet məsələlərdəndir: "Qanunvericiliyə edilən son dəyişikliklərə əsasən mobil operatorlar da məhz  həmin xidmətdən istifadə edən vətəndaşlarla bağlı məlumatları kredit büroları ilə bölüşəcək. Burada məqsəd ondan ibarətdir ki,  daha qısa müddətdə və daha doğru şəkildə vətəndaşın ödəmə qabiliyyətini yoxlayıb, qərar verilsin". 

V. Bayramov  qeyd edir ki, informasiyanın elektronlaşması məsafədən kreditlə bağlı qərarların verilməsinə imkan yaradacaq: "Bu isə daha qısa müddətdə kreditlərin verilməsi ilə bağlı qərar qəbul edilməsi anlamına gəlir. Buradakı digər özəllik ondan ibarətdir ki, kreditləşmədə şəffaflığı ciddi şəkildə artırmaq mümkün olacaq. Öna görə də, bu, həm kreditlə bağlı qərarların verilməsi prosesinin intensivləşməsinə, prosedurların azalmasına və eyni zamanda vətəndaşların kreditə əlçatanlılığının artmasına xidmət edəcək". 

Tehran Yusifli,

Sitat.info



Xəbər xətti