Kreml müttəfiqlər tapır, Qərb Ukraynanı meydanda tək buraxır: Putinin Avropa ilə bağlı planları...

17:30 29 Oktyabr 2024

"Rusiya Şimali Koreya ilə hərbi əməkdaşlıq müstəvisində bu ölkənin 10 mindən artıq hərbçisini Ukrayna ilə müharibəyə cəlb edib. Bununla da Şimali Koreya Ukrayna savaşına cəlb olunub. Artıq Ukrayna prezidenti Volodimir Zelenski də Ukraynada xarici vətəndaşların orduda hərbi xidmət keçməsi barədə sərəncam imzaladı. Bununla da Ukraynada əcnəbi döyüşçülərdən ibarət briqadalar yaradılacaq".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, Şimali Koreya hərbçiləri rəsmən Ukraynada döyüşə qatılacağı təqdirdə, ABŞ  Rusiya ərazisini atəşə tutmaq üçün  öz silahlarından istifadə məhdudiyyətini qaldıracaq: "Göründüyü kimi, Rusiya -Şimalı Koreya və İran Qərb blokuna qarşı Ukraynada birgə hərəkət edir. Hazırda hərbi əməliyyatlar Rusiyanın və onun müttəfiqlərinin lehinə işləyir. Bir neçə günə Kursk uğrunda həlledici döyüş başlayacaq. Kursk döyüşü Rusiya -Ukrayna müharibəsində yeni bir mərhələnin başlanğıcı olacaq. Qərb Rusiyanın Ukraynada qələbəsinə şərait yaradarsa,  Putin NATO-nu  böləcək. Həmçinin Avropa İttifaqını özündən asılı vəziyyətə salacaq".

M.Əsədullazadə vurğulayıb ki, Putinin  strateji planı NATO-nu  parçalamaq və Şərqi Avropanı nəzarətə götürməkdir: "Bundan sonra Çin Tayvanı nəzarətinə ala bilər. Dünyanın birqütblü, yaxud, bir neçə qütbə bölünməsi uğurunda müharibənin episentri məhz Ukraynadır. Demək olar ki, Qərb dilemma qarşısındadır. Rusiya prezidenti Vladimir Putin ABŞ başda olmaqla, Qərb blokunun təhlükəsizlik arxitekturasına ciddi zərbə vurub. Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-ın  əməli hərbi yardımlar göstərməməsindən narahatdır. ABŞ-dakı seçkilər müharibənin gedişatına mənfi təsir etməkdədir. Avropa ölkələri də Rusiya qarşısında zəiflik nümayiş etdirir. Böyük Britaniya ilə ABŞ arasında fikir ayrılıqları hökm sürdüyünə görə, rəsmi London ciddi şəkildə hərbi əməliyyatlarin gedişatına təsir etmir".

Məğrur,

Sitat.info



Xəbər xətti